15 iyun 2016-cı il tarixində Azərbaycan Teatr Xadimləri İttifaqının “Mustafa Mərdanov” səhnəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Teatr Xadimləri İttifaqı və Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının dəstəyi ilə keçirilən “Milli Dəyər” layihəsi çərçivəsində ilk tamaşa oynanıldı.
Əsas mövzusu vətənpərvərlik, milli-mənəvi dəyərlərin gənc nəsilə təbliği istiqamətinə uyğun olaraq hazırlanmış tamaşanın məqsədi Şuşa şəhərinin milli dəyərlərinin hələ də sevilməsinə, abidələrin yaddaşlardan silinməməsi və tamaşa şəklində yaddaşda saxlanılmasına xidmət göstərir.
Tamaşanın ssenari müəllifi Orxan Muxtarlıya aiddir və tamaşadakı rolları aktyor Vahid Orucoğlu və aktrisa Səbinə Məmmədova ifa edib.
“Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin sədri və layihənin rəhbəri İmaməddin Quliyevin qeyd etdiyinə görə iyun-avqust aylarını əhatə edən layihə çəçivəsində milli dəyərlərlə bağlı qısametrajlı film çəkiləcək, milli dəyərlərimizin təbliği istiqamətinə uyğun olaraq gənclərlə görüşlər aparılacaq və onların iştirakı ilə sərgi təşkil olunacaqdır.
Ümumilikdə layihənin keçirilməsində əsas məqsəd müasir texnoloji biliklərdən istifadə etməklə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi baxımından müstəqil respublikamızın mədəniyyət siyasətinin əsas vəzifələrindən biri kimi gəncləri təşviq etmək, onların milli vətənpərvərlik və vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən gənclər siyasətinə dəstək olmaq, yaradıcı gənclərin mədəniyyət və incəsənətə olan maraqlarını artırmaq və onların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün zəruri şərait yaratmaqdan ibarətdir.