Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyi “Region gəncləri arasında idman mədəniyyətinin formalaşdırılması” adlı layihənin icrasını Xaçmaz rayonunda həyata keçirmişdir. Layihənin məqsədi 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı təbliğat kampaniyasına ictimai dəstək vermək, region gəncləri arasında sağlam həyat tərzinin formalaşdırılması istiqamətində idman yarışlarının təşkil edilməsidir.
Xaçmaz rayonunda keçirilən yarışların ilk günü layihənin açılış mərasimi və daha sonra idman oyunları keçirildi. Açılış tədbirində Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndəsi Pərviz Əmircanov, Xaçmaz rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Elman Məmmədov, Azərbaycan Respublikasınn Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Orxan Sədizadə, və Gənclərin Mədəni İnkişafına Dəstək İctimai Birliyinin sədri Cavid Əliyev çıxış edərək ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini vurğuladılar və iştirakçılara uğurlar arzuladılar. Daha sonra gənclər arasında futbol və volleybol üzrə yarışlara start verildi. Gərgin və maraqlı keçən oyunlar 3 gün müddətində davam etdi. Sonda yarışlarda qalib gələn komandalar mükafatlandırıldılar. Məlumat üçün bildirək ki, eyni formatlı yarışlar daha əvvəl Qəbələ rayonunda da keçirilmişdir. Layihənin sonunda IV İslam Həmrəyliyi Oyunları ilə bağlı təbliğatı ilə bağlı videoçarx hazırlanması nəzərdə tutulmuşdur.