“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dini radikallığa qarşı təbliğatda gənclərmizin rolu” adlı layihəyəsinin növbəti tədbirini Sumqayıt şəhərində yerləşən “Gənclər Evi”ndə davam etdirdi.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə həlak olmuş qəhrəman oğullarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Konfransı giriş sözü ilə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov açaraq, layihənin məqsədi haqqında tədbir iştirakçılarına məlumat verib. TUMİB sədri Azərbaycandakı multikulturalizm, azərbaycançılıq və dini dözümlülük siyasəti, müxtəlif din və məzhəb mənsubları arasında qardaşlıq prinsiplərinin dini əsasları haqqında məlumat vermiş, ölkədəki dini və milli dözümlülük siyasətinə nümunə olduğunu, radikalizmdən əziyyət çəkən bir çox Şərq və Qərb ölkələri üçün də örnək olması gərəkdiyini bildirmişdir. Ç. Bayramov çıxışına davam edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
TUMİB-in “Gənclər Mərkəzi”nin sədr müavini Samir Pənəliyev konfransda çıxış edərək tarix boyu Azərbaycanda müxtəlif din və məzhəb mənsublarının qardaşcasına birlikdə mehriban yaşama ənənəsi, din-dövlət münasibətləri haqqında məlumat verərək dinin təbliğində xarici sektaların təsirindən qorunmaq üçün milli din xadimlərinin maarifləndirici əsərlərinin təbliğinin vacibliyindən danışdı.
Sonra natiqlər bildirib ki, vətəndaş cəmiyyəti institutları Azərbaycanda multikulturalizmin və tolerantlığının təbliği istiqamətində görülən işlərə hərtərəfli dəstək verməlidir. Çıxışçılar Azərbaycanda dədə-babalarımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərə, dövlət və din münasibətlərinə həssas yanaşdıqlarını, ölkəmizdə heç vaxt dini və etnik zəmində qarşıdurma olmadığını əminliklə söyləyiblər.
Natiqlər Azərbaycan hökumətinin din siyasəti, xarici təriqətlərin Azərbaycandakı zərərli fəaliyyətlərinə qarşı ideoloji mübarizə və maarifçiliyin, milli dəyərlərin gənclərə öyrədilməsinin vacibliyindən bəhs ediblər.
Çıxışçılar qeyd ediblər ki, dini radikallığa qarşı təbliğatda ən güclü vasitə ulu öndər Heydər Əliyevin sistemləşdirdiyi “azərbaycançılıq” ideyasını gənclərin dərindən mənimsəməsidir.
Tədbirin sonunda iştirakçılara diplomlar verilib.