Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Resurs” Gənclərin İnkişafı İctimai Birliyi “Gənclərin radikal dini təriqətlərə qoşulmasının qarşısının alınması” layihəsi çərçivəsində ilk tədbirini keçirdi. Bakı şəhəri 286 nömrəli məktəbdə gənclərlə keçirilən görüşdə Yasamal RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Vaqif Məmmədov, baş məsləhətçi Azad Niyazov, Yasamal rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rəna Ağayeva iştirak etdilər.
Layihənin məqsədi gənclər arasında maarifləndirmə işləri aparmaqla onların radikal dini qruplara qoşulmasının qarşısını almaq vasitəsilə sağlam cəmiyyətin formalaşmasına nail olmaqdan ibarətdir. Layihənin vəzifəsi aşağıdakılardır:
– Gənclərin radikal dini qruplara münasibətlərini öyrənmək;
– Gəncləri dini mövzuda maarifləndirmək;
– İctimai məlumatlandırmanı təmin etmək.
Tədbiri giriş sözü ilə açan “Resurs” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir Mehdi-zadə layihənin məqsəd və vəzifələri haqqında iştirakçılara geniş məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbərliyinə aktual mövzuya dəstək verdiklərinə görə təşəkkürünü bildirdi. Daha sonra Yasamal RİH-nin məsul əməkdaşları çıxış edərək, gənclərə radikal dini təriqətlər haqqında ətraflı məlumatlar verdilər, onları ayıq-sayıq olmağa, yanlış qərarlar qəbul etməmək üçün təhsilə ciddi fikir verilməsinin vacib olduğunu diqqətə çatdırdılar. Sonra gənclərin fikirləri öyrənildi, suallara cavablar verildi.