Mingəçevir şəhərində “Region gənclərinin inkişafına dəstək” Forumu keçirilmişdir. Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə baş tutan Forum Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi eyniadlı layihə çərçivəsində reallaşdırılmışdır.
Forum Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Forum öz işinə başlamışdır.
Forumda giriş sözü ilə Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisinin rəhbəri Tural Kərimov açmış, həyata keçirilən Forumun məqsədi barədə məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan həyata keçirilən uğurlu gənclər siyasəti bütün region gənclərinə, o cümlədən Mingəçevir şəhərində yaşayan və kənardan gəlib təhsil alan bütün gənclərə öz müsbət təsirini göstərmişdir. Əminliklə deyə bilərik ki, region gənclərimiz intellektual səviyyəsinə, dünyagörüşünə və digər göstəricilərinə görə nəinki paytaxdan Bakı gənclərindən, hətta qabaqcıl ölkələrin gənclərindən də geri qalmırlar. Onlar arasında xarici ölkələrdə təhsil alanların, müxtəlif beynəlxalq yarış və müsabiqələrdə yüksək nəticə göstərənlərin sayı həddindən artıq çoxdur. Təbii ki, bu Forum həm uğurlarımızı qeyd etməklə yanaşı, eyni zamanda problemlərimizi, reallaşdırmaq istədiyiniz təşəbbüslərin gerçəkləşdirilməsini müzakirə etmək baxımından əhəmiyyətlidir.
“Davos” formatında keçirilən Forumda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov çıxış edərək, təmsil etdiyi qurumun region gənclərinin təşəbbüskarlığının artırılmasındakı rolu və bu sahədə görülmüş işlər barədə geniş məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan Avropanın nadir ölkələrindəndir ki, burada Gənclər və İdman Nazirliyi ilə yanaşı Gənclər Fondu da fəaliyyət göstərir, dövlət tərəfindən həm gənclər təşkilatlarının, həm də fərdlərin layihələrinə dəstək verilir. Gənclər Fondu fəaliyyət göstərdiyi 4 il ərzində 3226 layihəni maliyyələşdirmişdir ki, bunlardan da 30 faizi gənclər təşkilatlarına, qalan 70 faiz isə 16-29 yaşlı fərdlərə məxsusdur. Region gəncləri də bütün müsabiqələrdə çoxluq təşkil edir və maraqlı təşəbbüslərlə gəlirlər. Gələcəkdə də onlardan maraqlı təşəbbüslərin gələcəyinə əminik.
Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli çıxışında yerli idarələrin gənclər siyasətinin həyata keçirilməsindəki rolu və gənclər üçün mövcud imkanlar barədə Forum iştirakçılarına zəngin informasiya vermişdir. Qeyd etmişdir ki, müstəqillik illərində Azərbaycanda gənclər siyasətinin uğurlu modeli formalaşmışdır. Hər 5 ildən bir Azərbaycan Respublikasının Prezidenti tərəfindən gənclərlə bağlı dövlət proqramları təsdiq edilir. Ötən il isə dövlət başçısı cənab İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nı təsdiq etmişdir. Hazırda ölkəmizdə gənclərin təhsil almasına, idmanla məşğul olmasına, asudə vaxtının səmərəli təşkilinə, istedadlı və yaradıcı gənclərin inkişafına xidmət edən minlərlə obyektlər fəaliyyət göstərir. Son illər 40-dək gənclər evi inşa edilmişdir. Onlardan biri də Mingəçevir şəhərində fəaliyyət göstərir. Bu ev də digərləri kimi region gəncləri üçün ən böyük imkan və stimuldur.
Daha sonra Forum iştirakçıları öz fikirlərini bölüşmüş, onları maraqlandıran suallar rəsmi qonaqlar tərəfindən cavablandırılmışdır. Gənclər bir sıra təşəbbüslərini də məhz Forum zamanı səsləndirmişdirlər.
Forumun moderatoru Tural Kərimov bildirmişdir ki, Forumda gənclər tərəfindən səsləndirilən təkliflər və fikirlər bir daha təhlil ediləcək, səmərəli təşəbbüslərin reallaşdırılması üçün yaxın zamanda “ideya yarmarkası” təşkil olunacaq. O, layihənin yalnız Forumla yekunlaşmayacağını, bir sıra əhəmiyyətli tədbirlərin keçiriləcəyini də diqqətə çatdırmışdır.
Forumun sonunda bir qrup fəal region gəncinə, eyni zamanda yerli gənclər və idman idarəsinə Mərkəzin diplomu təqdim olunmuşdur.
Qeyd edək ki, Forumlar Gəncə, Ağcabədi və Qubada da keçiriləcək.