Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənpərvər ol, vətən qarşısında borcunu bil” layihəsi davam edir. Layihə çərçivəsində ilk seminar Qəbələdə təşkil edildi.
Seminarda Qəbələ rayon İcra Hakimiyyətinin nümayəndəsi Azər Şirinov, Qəbələ rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Mübariz Ağayev, Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin direktoru Eyvaz Kazımov çıxış edərək gənclər arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, vətənə sədaqət, azərbaycançılıq məfkurəsinin təbliği istiqamətində belə layihələrin vacibliyini qeyd etdilər.
Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyinin sədr müavini Anar Məhərrəmov layihə haqqında seminar iştirakçılarına geniş məlumat verdi. Qeyd etdi ki, layihənin əsas məqsədi gənclərlə vətənpərvərlik istiqamətində görüşlərin keçirilməsi, gənclər arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, milli mənlik şüurunun formalaşdırılması, vətənə sədaqət, azərbaycançılıq məfkurəsinin təbliği üzrə seminarların təşkili istiqamətinə yönləndirilmişdir.
Daha sonra çıxış edən layihənin eksperti Ümüdvar Həsənov gənclər arasında vətənə məhəbbət hissinin artırılması, gənclər arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, gənclər arasında dövlət rəmzlərinin sevilməsinin təbliği, gənclər arasında milli mənlik şüurunun formalaşdırılması, hərbi vətənpərvərlik ruhunun gənclər arasında təbliği, gənclərin şüurunda vətənə sədaqət, azərbaycançılıq məfkurəsinin tam bərqərar edilməsi, gənclər arasında Azərbaycan tarixini, coğrafiyasını, musiqisini, adət və ənənələrinin öyrənilməsini təbliğ etmək və s. haqqında geniş məlumat verdi.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi tərəfindən “Vətənpərvər ol, vətən qarşısında borcunu bil” layihəsi 01, 02, 03 iyun 2016-cı il tarixlərində Oğuz, Şəki və Qax rayonlarında davam etdiriləcək.