Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyi “Region gəncləri arasında idman mədəniyyətinin formalaşdırılması” adlı layihənin icrasını davam etdirir. Layihənin məqsədi 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı təbliğat kampaniyasına ictimai dəstək vermək, region gəncləri arasında sağlam həyat tərzinin formalaşdırılması istiqamətində idman yarışlarının təşkil edilməsidir.
Layihə çərçivəsində “Gənclərin Mədəni İnkişafına Dəstək” İB tərəfindən Qəbələ rayonunda layihənin açılış mərasimi və daha sonra idman oyunları keçirildi. Açılış tədbirində Qəbələ rayon İcra Hakimiyyətinin nümayəndəsi Azər Şirinov, Qəbələ rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Elçin Osmanov, Azərbaycan Respublikasınn Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Orxan Sədizadə, Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin icraçı direktoru Anar Məhərrəmov və Gənclərin Mədəni İnkişafına Dəstək İctimai Birliyinin sədri Cavid Əliyev çıxış edərək ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini vurğuladılar və iştirakçılara uğurlar arzuladılar. Daha sonra gənclər arasında futbol və volleybol üzrə yarışlara start verildi. Gərgin və maraqlı keçən oyunlar 3 gün müddətində davam etdi. Sonda yarışlarda qalib gələn komandalar mükafatlandırıldılar. Məlumat üçün bildirək ki, eyni formatlı yarışlar daha sonra Xaçmaz rayonunda da keçiriləcəkdir.