Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Erudit” region gənclərinin intellekt festivalının növəbti seçim turu Xaçmaz şəhərində baş tutub.
Xaçmaz şəhər mədəniyyət evində keçirilən seçim turunda rayonun 9 komandası qələbə uğrunda mübarizə aparıb.
Rəsmi açılış mərasimində çıxış edən təşkilatın sədri Ramin Mahmudov layihənin məqsədindən danışıb, 2011-ci ildən bu yana Gənclər Fondunun dəstəyi ilə ölkə ərazisndə gənclər təşkilatları və gənclər tərəfindən reallaşdırılan layihələrdən və onların əhəmiyyətindən danışıb. Bu layihələr nəticəsində ölkədə gənclər siyasətində yeni nəfəs formalaşmağa başlayıb, yeni-yeni istedadlı, bacarıqlı gənclər üzə çıxarılıb, eyni zamanda reallaşdırılan beynəlxalq layihələr sayəsində də Azərbaycanımızın dünyada təbliğ istiqamətində əhəmiyyətli işlərə imza atılıb.
Xaçmaz rayon Təhsil Şöbəsinin əməkdaşı Elşən Sətiyev öz çıxışında dövlətin təhsil və gənclər siyasətindən danışıb, gənclərin inkişafının bu siyasətin əsas prioritetlərindən olduğunu qeyd edib.
Rəsmi hissədən sonra turnirə start verilib. Nə? Harada? Nə zaman? oyunu üzrə keçirilən seçim turunda “Piramida” komandası birinci, “Uğur” biliciləri ikinci, “Mein Kampf” komandası isə üçüncü olub. Hər üç komanda Quba şəhərində keçiriləcək final mərhələsində oynamaq hüququ əldə edib.
Yekunda qalib və mükafatçılara layihə çərçivəsində hazırlanmış kubok, medal, diplomlar və layihənin digər tərəfdaşı olan National Geography jurnalının müxtəlif sayları hədiyyə edilib.
Qeyd edək ki, layihə çərçivəsində Quba, Qusar və Siyəzən rayonlarında da gənclərin iştirakı ilə seçim turları keçiriləcək və qalib komandalar Quba şəhərində baş tutacaq finalda şimal zonasının ən güclüsünü müəyyən edəcəklər.