“Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Mən Bacaracam” layihəsinə start verilib. Layihə çərçivəsində ilk təlim-seminar Sabirabaddakı Heydər Əliyev Mərkəzində keçirilib.
İctimai Birliyin mətbuat xidmətindən verilən məlumata görə, 30-dək yeniyetmə-gəncin iştirak etdiyi təlim-seminarı giriş sözü ilə açan GSTM İB-in icraçı direktoru Vüsal Əhmədov iştirakçıları salamlayıb, onlara təşkilat və onun həyata keçirdiyi layihələr haqqında məlumat verib. Bildirib ki, GSTM İB həyata keçirdiyi hər bir tədbirdə yeniyetmə-gənclərin fərdi və sosial inkişafına çalışır, onların cəmiyyətin fəal üzvü olması üçün əlindən gələni edir: “Bu baxımdan bilavasitə iştirakçısı olduğunuz “Mən Bacaracam” layihəsi də məhz bu amala xidmət edir. Düşünürəm ki, bugünkü təlim-seminar qarşıdakı illərdə və fərdi inkişafınızda sizə yardımçı olacaq”.
Sonra V. Əhmədov sözü tanınmış təlimçi Sənan Nəcəfova verib. Sənan Nəcəfov da öz növbəsində hamını salamlayıb, sözügedən layihəni həyata keçirdiyinə görə GSTM İB-ə təşəkkür edib.
Daha sonra təlim-seminar öz işinə başlayıb. S. Nəcəfov iştirakçılara “Kütlə qarşısında mükəmməl nitq”, “PR strategiya, özünütanıtma, özünütəbliğ”, “İctimaiyyətlə əlqələrin qurulması, mətbuatla iş”, NLP teznikaları ilə mükəmməl ünsiyyətin qurulması”, “Vaxtın idarə olunması” və digər vacib mövzularla bağlı təlimlər keçib.
Yüksək peşəkarlıq, səmimi ab-hava şəraitində keçən təlim-seminar iştirakçıların böyük marağına səbəb olub. Onlar bu kimi tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini bildiriblər.
Təlim-seminarın sonunda iştirakçılara bukletlər paylanıb, xatirə şəkli çəkilib.
Qeyd edək ki, GSTM İB-in Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Mən Bacaracam” layihəsi Saatlı və İmişli rayonlarında da həyata keçiriləcək.