“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcəyə inamla addımla!” layihəsinin icrasına başlanılmışdır.
Layihənin əsas məqsədi internat və uşaq evləri məzunlarının, eləcə də penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş yeniyetmə və gənclərin cəmiyyətə sosial adaptasiyasına dəstək olmaqla, onları maarifləndirməkdən ibarətdir.
Layihə çərçivəsində internat məktəblərini, uşaq evlərini və cəzaçəkmə məntəqələrini tərk etmiş yeniyetmə və gənclərin ehtiyacları müəyyən ediləcək və onlarla keçiriləcək təlimlərə hazırlıq məqsədi ilə layihəninin icra olunacağı müəssisələrdə gənclər arasında sorğu keçiriləcəkdir.
Layihə 3 ay müddətində Bakı şəhəri Xəzər rayonunda həyata keçiriləcəkdir və 90 gənci əhatə edəcəkdir.
Təlimlərdə müəssisələri tərk etmiş gənclərə öz sosial problemlərinin həlli üçün müvafiq orqanlara müraciət mexanizmləri və qanunvericilikdə nəzərdə tutulmuş müddəalar izah olunacaqdır. Həmçinin gənclərə peşə təhsili alma, iş axtarmaq, şəxsiyyəti təsdiq edən sənədlərin alınması, yaşayış yeri ilə təmin olunma, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin alınması, valideynlərindən onlara qalan miraslardan istifadə və digər zəruri həyat vərdişləri ilə bağlı məlumatlar veriləcəkdir. Layihəyə aid maarifləndirici məlumat kitabcalar, cib təqvimləri cap ediləcəkdir.
Layihə çərçivəsində yerli dövlət, eləcə də vətəndaş cəmiyyəti ilə tərəfdaşlıq məqsədli müxtəlif görüşlərin keçirilməsi, əməkdaşlıq, bacarıq və iştirakçılıq sahəsində hesabat tərtib ediləcək. Sorğular zamanı internat məktəblərini, cəzaçəkmə məntəqələrini və uşaq evlərini tərk edən yeniyetmə və gənclərin problemləri ilə bağlı hazırlanmış təklifləri dövlət qurumlarına təqdim ediləcəkdir. Müəssisələri tərk edən gənclərin sosial problemlərinin həll olunması üçün dövlət orqanları və biznes qurumları ilə əməkdaşlıq ediləcəkdir.