Azərbaycan Tələbələr Birliyi “Tələbələr dini radikallığa yox deyir!” adlı yeni layihənin icrasına başlamışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi tələbələr arasında dini radikallıq və ekstremizmlə bağlı məlumatlandırma aparmaqla cəmiyyətimizdə bu kimi mənfi hallara qarşı mübarizəni gücləndirməkdən ibarətdir.
Layihə çərçivəsində 8 müxtəlif universitetdə tələbələrin iştirfakı dini radikallıq və ekstremizmlə bağlı seminarlar keçiriləcəkdir. Qeyd edilən sahə üzrə ekspertin iştirakı ilə keçiriləcək seminarlarda radikalizmin cəmiyyət üçün fəsadları, gəncləri qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən çəkindirmə yolları, milli-mənəvi dəyərlərimizin qorunması və digər vacib məsələlərlə bağlı məlumat veriləcəkdir.
Ümumiyyətlə, dini radikalizm və xalqımızın həyatı üçün ənənəvi olmayan yad dini cərəyanlar ölkəmizdə sabitlik, vətəndaşların təhlükəsiz yaşayışı və dövlətimizin dünyəvi təməlləri üçün ciddi təhlükədir. Azərbaycan Tələbələr Birliyi qeyd edilən layihəni həyata keçirməklə bu kimi halların qarşısının alınması üçün məhz tələbələrin səfərbər edilməsi niyyətindədir. Beləki, cəmiyyətimizdə ayrı-ayrı qrupların dini radikallığa qarşı maarifləndirməsində tələbələr aktiv rol oynaya bilərlər ki, belə layihənin həyata keçirilməsində də əsas məqsədlərdən biri müxtəlif qrup insanlara tələbələr vasitəsilə məlumat ötürülməsini təmin etməkdir.