Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Erudit” region gənclərinin intellekt festivalı layihəsinə start verilib.
Şabran şəhərində baş tutan ilk seçim turunda rayonunu 8 komandası qələbə uğrunda mübarizə aparıb.
Rəsmi açılış mərasimində çıxış edən təşkilatın sədri Ramin Mahmudov layihənin məqsədindən danışıb, 2011-ci ildən bu yana Gənclər Fondunun dəstəyi ilə ölkə ərazisndə gənclər təşkilatları və gənclər tərəfindən reallaşdırılan layihələrdən və onların əhəmiyyətindən danışıb. Bu layihələr nəticəsində ölkədə gənclər siyasətində yeni nəfəs formalaşmağa başlayıb, yeni-yeni istedadlı, bacarıqlı gənclər üzə çıxarılıb, eyni zamanda reallaşdırılan beynəlxalq layihələr sayəsində də Azərbaycanımızın dünyada təbliğ istiqamətində əhəmiyyətli işlərə imza atılıb.
Şabran rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elvin Vəliyev öz çıxışında dövlət gənclər siyasətindən danışıb, gənclərin inkişafının bu siyasətin əsas prioritetlərindən olduğunu qeyd edib.
Rəsmi hissədən sonra turnirə start verilib. Nə? Harada? Nə zaman? oyunu üzrə keçirilən seçim turunda “Loqos” komandası birinci, “Atlantis” biliciləri ikinci, “Kentavrlar” komandası isə üçüncü olub. Əsasnaməyə uyğun olaraq ilk iki yeri tutan komandalar Quba şəhərində keçiriləcək final mərhələsində oynamaq hüququ əldə edib.
Qeyd edək ki, layihə çərçivəsində Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında da gənclərin iştirakı ilə seçim turları keçiriləcək və qalib komandalar Quba şəhərində baş tutacaq finalda şimal zonasının ən güclüsünü müəyyən edəcəklər.