“Mənim biliyim – mənim sərvətimdir” layihəsi “Azərbaycan Gənclər İttifaqı” İctimai Birliyi tərəfindən bu ilin may ayından Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənərək həyata keçirilməyə başlayıb.
Layihənin məqsədi gənclər arasında qeyri-ənənəvi və müasir metodlar istifadəsi ilə bilik və bacarıqların tədris edilməsi və onların təhsil sahəsində imkanlarının artırılmasına nail olmaq. Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində bir sıra vəzifələr icra ediləcək. O cümlədən, Fəal Gənclər Qruplarının yaradılması, “həyat bilik və bacarıqları” barədə geniş məlumatların əsas Fəal Gənclər Qrupları arasında yayılması, gənclər arasında “həyat bilik və bacarıqları” sahəsində məlumatların qeyri-ənənəvi tədris vasitəsi ilə tətbiqi, layihə başa çatdıqdan sonra Fəal Gənclər Qruplarının əldə etdikləri bilikləri öz yaşıdları arasında yayması planlaşdırılır.
Layihənin icrası Bakı şəhərində həyata keçiriləcək. Təlim qruplarına 16-23 yaş arasında ümumilikdə 80 nəfər fəal gənc cəlb ediləcək. Onlar hər birində 20 nəfər olmaqla 4 qrup formalaşdıracaqlar. Həmçinin dolayısı ilə bu layihədən faydalananların ümumi sayı 1000 nəfərdən çox olacaqdır. Dinləyicilər arasında göstərilən mövzular üzrə interaktiv metodlar vasitəsi ilə məlumatlar çatdırılacaq.
Təlimlərdə “Münaqişəli vəziyyətlərin həlli” (məqsəd yaranacaq münaqişəli vəziyyətlərdən effektli çıxış yolları barədə ətraflı məlumat almaq), “Xüsusi vəziyyətlərdə düzgün qərar qəbuletmə” (məqsəd xüsusi vəziyyətlərdə düzgün qərar qəbuletmə bacarığına yiyələnmək), “Ətraf mühitlə əlaqələrin qurulması” (məqsəd sonradan “uşaqdan uşağa” fəaliyyətində yaşıdları ilə daha effektiv əlaqənin yaradılması), “Liderlik bacarıqlarının aşılanması” (məqsəd liderlik bacarıqlarının inkişaf etdirilməsi) kimi mövzular haqqında danışlacaq.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə bu ilin avqust ayının əvvəlində başa çatacaq.