Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) ölkə gənclərinin inteqrasiyası, beynəlxalq əlaqələrinin genişləndirilməsi, əcnəbi gənclərin ölkəmiz, onun uğurlu Gənclər Siyasəti Modeli haqqında məlumat səviyyələrinin yüksəldilməsi, gənclərin fəal iştirakçılığı, beynəlxalq gənclər əməkdaşlığı sahəsində təcrübə, informasiya mübadiləsi istiqamətində silsilə fəaliyyətini davam etdirməkdədir.
Bu məqsədlə ADTGT 2016-cı ilin mayın 15-dən üç ay müddətində davam edəcək, “Gənclər Siyasətində Fəal İştirakşılıq” Beynəlxalq Gənclər Forumu adlı maariflənməni, təcrübə-informasiya mübadiləsini, qarşılıqlı əməkdaşlıq və tərəfdaşlığı nəzərdə tutan layihənin icrasına başlayır.
Layihə “Gəncə – Avropa Gənclər Paytaxtı 2016” kampaniyası çərçivəsində əcnəbi və milli gənc liderlərin iştirakı ilə müasir gənclər siyasəti, gənclərin fəal iştirakçılığı, gənclər işində qeyri-formal tədris, könüllülük, liderlik, beynəlxalq gənclər işi, gənclərin məşğulluğu və gənclər siyasətinin gücləndirilməsi istiqamətində müxtəlif tematik konvensiya və təcrübələrin müzakirəsi, mübadiləsi və qarşılıqlı tətbiqi imkanlarına dair fəaliyyət və tədbirləri nəzərdə tutur.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Gənclər və İdman Nazirliyinin və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşən Beynəlxalq Gənclər Forumu “Güclü Gənclik – Güclü Gələcək!” sloqanı altında keçiriləcəkdir.
Bu ilin iyulun 4-9 tarixlərində “2016-cı ilin Avropa Gənclər Paytaxtı” seçilən Gəncə şəhərində təşkil olunacaq Beynəlxalq Gənclər Forumunun işində İspaniya, Yunanıstan, Polşa, Rumıniya, Bolqarıstan, Latviya, Xorvatiya, Türkiyə, Serbiya, Bosniya və Herseqovina, Moldova, Ukrayna və Gürcüstan təmsil edəcək 26 əcnəbi gənc liderin iştirakı nəzərdə tutulur.
Forumun proqramına plenar hissə ilə yanaşı 4 panel müzakirəsinin aparılması, beynəlxalq gənclər əməkdaşlığı sahəsində təcrübə-informasiya mübadiləsi şəbəkəsinin qurulması, Gəncə Bəyannaməsinin qəbulunu, kitab çapı, yayımı və geniş profilli PR fəaliyyəti də daxildir.
Gündəlikdə 13 ölkədən olan gənc fəalların Gəncə şəhər İcra Hakimiyyətində, Gənclər və İdman Nazirliyində, AR Prezidenti yanında Gənclər Fondunda və digər qeyri-hökumət gənclər təşkilatları ilə görüşlərinin keçirilməsi də durur.
Layihə ölkə prezidenti cənab İlham Əliyevin imzaladığı 24.02.2016-cı il tarixli Gəncə şəhərinin “2016-cı il Avropa Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında sərancamında, “Gəncə Avropa Gənclər Paytaxtı – 2016” ümumi tədbirlər planında və “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nda nəzərdə tutulan fəaliyyətlərə yönəlməsi baxımından çox əhəmiyyətlidir.