Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi gənc Sevinc Nəcəfovanın həyata keçirdiyi “SAZ – MİLLİ SƏRVƏTİMİZDİR” adlı layihəsi çərçivəsində Bakı şəhəri, Nizami rayonunda yeniyetmə və gənc aşıqlar arasında üç gün ərzində keçirilən Ədalət Nəsibov adına 1-ci “Ozan – Saz” müsabiqəsinə 19 mart 2016-cı il tarxində yekun vurulmuşdur. Müsabiqənin münsiflər heyətində Azərbaycanın saz-söz sənətində xüsusi yeri olan və bu sənəti yaşatmaq üçün əllərindən gələni əsirgəməyən insanlar təmsil olunurdu. Aşıq Qələndar (Zeynalov), aşıq Xəlil Göyçəli, əməkdar mədəniyyət işçisi, peşəkar balaban ustası Sərdar Məmmədov, “Dədə Ələsgər” filmində aşıq Ələsgər rolunun ifaçısı, aşıq Təbriz Vəliyev, AYB-nin və Mətbuat Şurasının üzvü, “Şəfəq” jurnalının baş redaktoru, şair Qardaş Əlişoğlu və beş kitab müəllifi, şair Fərzalı Abbasəlioğlunun münsif olduqları müsabiqə çoxsaylı tamaşaçıların müşayəti ilə üç gün ərzində davam etdi. Müsabiqənin sonuncu günü, qaliblərin mükafatlandırılması mərasimində iştirak edən Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnaz İsrafilova çıxış edərək qalib olan və olmayan iştirakçıları təbrik etdi, onlara gələcək həyatlarında uğurlar arzuladı. Gərgin şəraitdə keçirilən bu müsabiqədə 50-yə yaxın yeniyetmə və gənc aşıqlar iştirak etdi. Müsabiqə iştirakçılarının saz musiqisi sahəsindəki istedadları və bilikləri 10 ballıq sistemlə dəyərləndirildi. Hər bir iştirakçı öz bacarığını göstərməkdə israrlıydı.
Müsabiqənin keçirilməsi Novruz bayramına təsadüf etdiyini nəzərə alaraq, təşkilatçılar bayram konserti ilə tədbiri yekunlaşdırdılar.