Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Təndir ətri – Kulinariya yarışması” çərçivəsində Ucar rayonunda həyata keçirilən tədbirlər başa çatıb. Layihənin əsas məqsədi Azərbaycanın maddi mədəniyyətinin tərkib hissəsi olan milli mətbəximizin ənənələrinin qorunub saxlanılması, öyrənilməsi, təbliği və inkişaf etdirilməsinə yardım etmək, gənc qızlarımızı öz mətbəxinin xanımı, sahibi kimi yetişdirməkdir, onları vətənə, dövlətə, millətə, maddi mədəniyyətimizin bir qolu olan milli mətbəximizə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasını təmin etməkdir. Mətbəx maddi mədəniyyət abidəsidir. Mənfur qonşularımız torpaqlarımızın işğalı ilə yanaşı, indi də süfrəmizin müxtəlif növ çörəklərini özününküləşdirməyə, mətbəximizin gözəl nümunələrini “erməni mətbəxi” kimi qələmə verməyə çalışırlar. Buna görə də, gənc qızlarımız öz adət-ənənələrimizi dərindən bilməli, mətbəximizin sirlərini örənməlidirlər.
Layihə çərçivəsində təşkil edilən tədbirlərdə iştirak edən gənc xanımlarımız milli mətbəximizin spesifikliyi, özünəməxsusluğu haqqında təlimlərdə biliklər qazandılar, həmçinin müxtəlif milli xörəklərimizin, şirniyyat və şərbətlərimizin hazırlanmasında, Azərbaycan xalqının maddi mədəniyyət nümunəsi olan təndir çörəyinin, yuxanın, lavaşın bişirilməsində birbaşa iştirak etdilər. Tədbirlər zamanı yeniyetmə və gənc xanımlarımızın mətbəximizin min illər ərzində nəsillərdən-nəsillərə ötürücüləri olan nənələrimizlə, analarımızla görüşləri keçirildi. Onlar gənc qızlara Azərbaycan milli mətbəxinin müxtəlifliyindən, rəngarəngliyindən, bənzərsizliyindən söhbət açdılar. Gənc qızlara mətbəximizin nümünələrindən olan xəmir xörəklərindən xəngəlin, yuxanın və fəsəlinin, təzə təndir çörəyi, isti çörək və yağdan hazırlanan döyməcin, ətli yeməklərdən quzu buğlamasını, kababın, kəlləpaçanın, dolmanın müxtəlif növlərini, xüsusən qışda yeməklərimizdə istifadə olunan şərablardan-zoğal, göyəm şərabı, mixəşərin, turş meyvələrdən hazırlanan meyvə döyməci və s necə hazırlanıb bişirilməsini öyrətdilər. Ana və nənələrimiz gənc xanımlara təndirin hansı torpaqdan hazırlanma texnologiyasından, təndirdə çörəyin necə bişirilməsindən danışdılar və onu əyani surətdə göstərdilər.