Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Azərbaycan” İntellektual Oyunlar Klubu, “Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi”, “Xəzər” İntellektual Oyunlar Klubu, “Gənclərin İntellektual İnkişafı Mərkəzi” və “AzəriKimya” İstehsalat tərəfdaşlığı ilə Sumqayıt şəhəri Gənclər Evində məktəblilər arasında “Sumqayıt Şəhər Məktəblilərarası Qarabağ Kuboku” layihəsi həyata keçirilib. Qarabağın tarixi, coğrafiyası, məşhur şəxsiyyətləri və başqa bu kimi bir sıra bilik və məlumatları özündə cəmləşdirən bilik yarışı, “Xəmsə” Milli İntellektual Oyunu formatında baş tutub.
Sumqayıt məktəblərindən 4 seçim mərhələsində ümumilikdə 45 komanda arasından finala vəsiqə qazanmış 4 komanda finalda biliklərini sınayıb. Final mərhələsində dördüncü yeri 28 saylı məktəbi təmsil edən Lider komandası, üçüncü yeri 14 saylı məktəbi təmsil edən Məntiq komandası, ikinci yeri 31 saylı məktəbi təmsil edən Qriffindor komandası tutub. Qarabağ Kubokunun sahibi isə 22 saylı məktəbi təmsil edən Bermud komandası olub.
Qeyd etmək lazımdır ki, layihə Azərbaycan Respublikasını Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsinin qalibidir.