Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra olunan “Sumqayıt məktəblilərində bədii ədəbiyyata marağın artırılması” layihəsi çərçivəsində sonuncu tədbir kimi Sumqayıt şəhərinin 31 saylı orta məktəbində bir qrup tanınmış şairlə məktəblilərin görüşü təşkil olundu. Görüşdə AYB-nin üzvü, Nazirlər kabineti yanında itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun mətbuat xidmətinin rəhbəri, “Yeganə yol” qəzetinin baş redaktoru şair Firdovsi Cəfərxan, AYB-nin üzvü, Jurnalistlər Birliyinin üzvü, şair Asif Asiman, AYB-nin üzvü, şair, publisist Elbrus Qayalı, “Yeganə yol” qəzetinin baş redaktorunun müavini Məftun Ənvəroğlu, şair Sevil İbrahim qızı, jurnalist Sevinc Məmmədli iştirak edirdi.
31 saylı məktəbin direktoru Xanım Əhmədova tədbiri açaraq qonaqları salamlayandan sonra layihə rəhbəri Günay Şivəxanlı Azərbaycan Gənclər Fondunun dəstəyi ilə icra etdiyi layihənin məqsədi, qarşıya qoyulan vəzifələr, bu günkü görüşün məqsədi barədə məlumat verdi. Ədəbiyyat müəllimi Zülfiyyə Nemətqızı ədəbiyyatımızın tarixi, bədii ədəbiyyatın insan mənəviyyatın formalaşmasında rolu və əhəmiyyəti barədə qısa çıxış etdikdən sonra şagirdlərdə bədii ədəbiyyata maraq oyadılması üçün nə etməli, hansı əsərləri oxumağı şagirdlərə tövsiyyə etməli və s. suallarla şair və yazıçılara müraciət etdi. Həmçinin, şagirdlərə də qonaqlara suallar verməyə imkan yaradıldı.
Tədbirdə Azərbaycan ədəbiyyatının tarixi inkişaf yolundan slaydlar nümayiş olundu. Şagirdlərin tədbir iştirakçısı olan şairlərin yaradıcılığından hazırladığı kompozisiyalar hamının marağına səbəb oldu. Məktəbin 11-ci sinif şagirdi yazdığı bir neçə şeiri oxumaqla şairlərin də diqqətini cəlb etdi. Qonaqlar öz yaradıcılıqları barədə tədbir iştirakçılarına məlumat verdilər, şeirlərini oxudular, ayrı-ayrı şeirlərinin yazılma tarixçələri ilə bağlı xatirələrini bölüşdülər. Daha sonra şairlər tədbir iştirakçılarını maraqlandıran suallara cavab verdilər və onlara bədii ədəbiyyat oxumağı, çoxlu mütaliə etməyi tövsiyyə etdilər. Şagirdlər çox maraqla ziyalıları dinlədilər.
Çıxış edənlər belə tədbirlərin davamlı olmasının vacibliyini vurğuladılar. Tədbirin sonunda şairlər məktəblilərə öz kitablarını hədiyyə etdilər, məktəb kollektivi və şagirdlərlə xatirə şəkilləri çəkdirdilər.