“Sağlamlığın sənin əllərindədir” boks festivalı sona çatdı
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Əzizov Dilavər tərəfindən Xocavənd rayonunda həyata keçirilən “Sağlamlığın sənin əllərindədir” boks festivalı adlı layihə başa çatdı. Layihənin məqsədi yeniyetmə və gənclər arasında idmanın kütləviliyinin artırılması,onların idmana cəlb olunmasında fəaliyyətlərin həyata keçirilməsi və asudə vaxtının səmərəli keçirməsinə dəstək olmaqdır.
Festival zamanı gənclərə boks idman növü haqqında məlumatları özündə cəmləşdirən maarifləndirici bukletlər paylanılıb. Sosial siyasət dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Şəxsiyyətin və cəmiyyətdəki qrupların sosial tələblərini təmin etmək məqsədi daşıyan bu siyasət hər bir dövlətdə sosial müdafiəni, məşğulluq, əmək şəraitinin yaxşılaşdırılması, əhalinin sağlamlığının qorunması, asudə vaxtın təşkili kimi vəzifələri yerinə yetirir. Müasir dövrün son dərəcə maraqlı və mürəkkəb fenomeni olan idman cəmiyyətin bütün fəaliyyət sahələrinə nüfuz edir. O, əmək və həyat fəaliyyətinə, adamların yaşayış tərzinə, etik-əxlaqi dəyərlərə, millətlərarası və dövlətlərarası münasibətlərə güclü təsir göstərir. Dünyanın görkəmli siyasi xadimi, cəmiyyət və insan həyatının gözəl bilicisi, Ümummilli Lider Heydər Əliyev demişdir: “Sağlamlığın birinci yolu hər bir insanın öz orqanizmini fiziki cəhətdən inkişaf etdirməsi, bədən tərbiyəsi ilə daim məşğul olması və idmanı yüksək səviyyəyə qaldırmasıdır. Ona görə də biz idman haqqında danışarkən bunu böyük siyasi, milli problem kimi qəbul edirik, anlayırıq. Biz bu nöqteyi-nəzərdən də idmana qayğı göstəririk və göstərəcəyik”. Azərbaycan Prezidenti insanı hər bir dövlətin ən böyük sərvəti, idmanı isə böyük milli problem kimi dəyərləndirir. Bu fikir dünyanın ən böyük mütəfəkkirlərinin, filosof və alimlərinin fikirləri ilə səsləşir. Məşhur Amerika filosofu M. Novak yazır: “İdmana əhəmiyyət verməmək olduqca vacib milli dəyərlərdən birini itirməkdir”. Təsadüfi deyil ki, ABŞ-da idman bu gün “ikinci dinə” çevrilmişdir. Rus alimi L.İ.Lubışeva cəmiyyətin inkişafında idmanın sosial rolunu öyrənərkən belə qənaətə gəlmişdir ki, XXI əsrin əvvəllərində idmanın müasir cəmiyyətdəki rolunu kifayət qədər qiymətləndirən dövlət və dövlət başçıları o qədər də çox deyildir. Böyük qürur hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanın bu sahədə bəxti gətirmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyev idmanın və bədən tərbiyəsinin cəmiyyətdə oynadığı rolu həmişə qiymətləndirmiş, bu sahəni daim özünün şəxsi diqqət və qayğısı altında saxlamışdır.