Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan “Sumqayıt məktəblilərində bədii ədəbiyyata marağın artırılması” layihəsi çərçivəsində Hafiz Quliyev adına Çaytumas məktəb-liseyində Sumqayıt şəhərinin bir qrup tanınmış şair və yazıçılarla məktəblilərin görüşü təşkil olundu. Görüşdə Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, nasir, publisist, əsasən uşaq şairi kimi tanınan Məmməd Namaz, tanınmış şair, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü İbrahim İlyaslı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Zərif” qadın ədəbi məclisinin sədri, şairə Xatirə Fərəcli, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, nasir, tərcüməçi, dramaturq, Prezident təqaüdçüsü Əyyub Qiyas, Azərbaycan Yazıçılar Birliyinin üzvü Almaz Sahilə iştirak edirdi.
Məktəb-liseyin direktoru Şamama Həsənova tədbiri açaraq qonaqları salamlayandan sonra Layihə rəhbəri Günay Şivəxanlı Azərbaycan Gənclər Fondunun dəstəyi ilə icra etdiyi layihənin məqsədi, qarşıya qoyulan vəzifələr, bu günkü görüşün məqsədi barədə məlumat verdi. Ədəbiyyat müəllimi Zülfiyyə Nemətqızı ədəbiyyatımızın tarixi, bədii ədəbiyyatın insan mənəviyyatın formalaşmasında rolu və əhəmiyyəti barədə qısa çıxış etdikdən sonra şagirdlərdə bədii ədəbiyyata maraq oyadılması suallarla şair və yazıçılara müraciət etdi. Həmçinin, şagirdlərə də qonaqlara suallar verməyə imkan yaradıldı.
Qonaqlar öz yaradıcılıqları barədə tədbir iştirakçılarına məlumat verdilər, şeirlərini oxudular, ayrı-ayrı şeirlərinin yazılma tarixçələri ilə bağlı xatirələrini bölüşdülər. Daha sonra şairlər tədbir iştirakçılarını maraqlandıran suallara cavab verdilər və onlara bədii ədəbiyyat oxumağı, çoxlu mütaliə etməyi tövsiyyə etdilər. Şagirdlər çox maraqla ziyalıları dinlədilər.
Çıxış edənlər belə tədbirlərin davamlı olmasının vacibliyini vurğuladılar. Tədbirin sonunda şairlər şagirdlərlə xatirə şəkilləri çəkdirdilər.