“Zərərli vərdişlərə qarşı gənclərin sosial fəallığının artırılması” layihəsi başa çatdı
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə qalibi Məmmədov Zaur İsa oğlu tərəfindən Saatlı rayonunda həyata keçirilən “Zərərli vərdişlərə qarşı gənclərin sosial fəallığının artırılması” adlı layihə başa çatdı. Layihənin məqsədi yeniyetmə və gənclərin sağlamlıqla bağlı tədbirlərdə iştiraklarının artırılması, onların sağlamlıqının qorunması istiqamətində fəaliyyətlərin həyata keçirilməsi, gənclərin QİÇS və narkomaniyaya qarşı maarifləndirilməsi işinin aparılması və asudə vaxtının səmərəli keçirməsinə dəstək olmaqdır.
Təlimlər zamanı gənclərə sağlamlıq haqqında məlumatları özündə cəmləşdirən maarifləndirici bukletlər paylanılmışdır. Vərdiş insanın qazandığı fərdi davranış formasıdır və onun sağlamlığına birbaşa təsir göstərə bilir. Yeniyetmələrin cinsi yetkinlik zamanı, sağlamlığın yeganə qarantı kimi, sağlam həyat tərzinin əsası qoyulmalıdır. Sağlam həyat tərzi – orqanizmin iş qabiliyyətinin olmasını güman edən, insanın həyat ritminə, fəaliyyətinin məzmununa kompleks şəkildə yanaşmaq deməkdir. Eyni zamanda, hamıya məlum olan bir çox sadə qaydalara əməl edilməsini nəzərdə tutur: mümkün qədər fiziki fəallıq, orqanizmin möhkəmləndirilməsi, səmərəli (orta dərəcədə, həddən çox olmayan və müntəzəm) qidalanma, normal yuxu, sinir sisteminin həddən artıq gərginlikdən qorunması, zərərli vərdişlərdən çəkinmək.
Ölkəmizdə gənclərin və yetkinlik yaşına çatmış insanların hərəkətləri davranış normalarının əsasında qurulmalıdır. Bilərəkdən və ya bilməyərəkdən gənclik sağlamlığı sevir. İnsan yüksək rifaha çatmaq istəyirsə, sağlam həyat tərzinə uyğun üsul seçir. Lakin cinsi yetişkənlik dövrü, müəyyən şərait üzündən, çox vaxt zərərli vərdişlərlə müşayiət olunur – spirtli içkilər, narkotik, siqaret çəkmək.
Narkotik maddələrdən, spirtli içkilərdən, tütün məmulatlarından, toksiki (zəhərli) maddələrdən asılılıq zərərli vərdişlər kimi xarakterizə olunur. “Zərərli” ona görə ki, bu maddələrin həm asılı fərdin orqanizminə, həm də bütövlükdə cəmiyyətə ziyanı vardır. “Vərdiş” ona görə ki, asılılıq çox möhkəm olur və ondan xilas olmaq çətin olur. Lakin xilas olmaq çətin olsa da, onların istifadəsindən çəkinmək o qədər də çətin deyildir. Bunun üçün yeniyetmə və gənclər arasında zərərli vərdişlərin fəsadları haqqında düzgün təsəvvürlərin formalaşdırılmasına nail olmaq lazımdır.