Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan milli mətbəxi-plovlar” layihəsi nəticəsində Azərbaycanın mətbəx incilərindən sayılan plovların bəzilərinin hazırlanma və bişirilmə texnologiyaları göstərilmişdir. Plovların çoxsaylı çeşidləri olduğunu nəzərə alaraq, vəsaitdə nadir hallarda bişirilən plov növlərinin çeşidlərinə xüsusi diqqət yetirilmişdir. Azərbaycan və rus dillərində nəşr olunmuş vəsaitin yazılı formasına video görüntülər əlavə olunmuşdur. Layihənin icrasına mütəxəssis qismində respublikada tanınmış aşpazlar Mehman Hüseynov və “Sheraton baku airport hotel”in baş aşpaz yardımçısı Kamran Rzayev dəvət olunmuşlar. Mehman Hüseynov tərəfindən “Şah plov”, “Quzu plov”, “Döşəmə plov”, “Balıqçılar plov”, “Bükməli plov”, “Murqulu tuş plov-turşulu aş”lar hazırlamış, “Sheraton baku airport hotel”in baş aşpaz yardımçısı Kamran Rzayev tərəfindən “Çığırtma plov”, “Ləvəngi plov” və aşpazın öznəməxsus formada hazırladığı “Taclı plov” hazırlanmışlar. Aşpazlar əyani şəkildə plovların bişirmə qaydaları nümayiş etdirmişlər.
Layihə milli mətbəx nümunələrimizdən olan plovun bişirilmə qaydalarının öyrədilməsi, ölkə hüdudlarından kənarda tanıdılması və təbliği məqsədi ilə həyata keçirilmiş, sosial şəbəkələrdə və youtube-də yerləşdirilmişdir.