Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Hisslərin ifadəsində milli simamız” adlı sərgi keçirilib. Sərgidə 50-ə yaxın gənc rəssam iştirak edib.
Tovuz rayon Heydər Əliyev Mərkəzində təşkil olunan sərginin iştirakçıları həm paytaxtdan, həm də regiondan olub. 100-dən çox əsərin nümaiş olunduğu sərgidə əsas məqsəd cəbhədə baş verənləri insanlara çatdırmaq, regionda rəssamlığa motivasiya yaratmaq olub. Paytaxtdan gedən rəssamlarla Tovuzdan, Qazaxdan, eləcə də regionun digər rayonlarından olan gənc rəssamlar görüşərək yeni yaradıcılıq trendlərini müzakirə ediblər. Sərginin təşkilatçısı Nicat Abdullayev bildiribdi ki, regionda yeni sərgilərin keçirilməsi də planlaşdırılır. “Biz növbəti sərgilərimizi cəbhə xəttinə yaxın yerlərdə, cəbhə kəndlərində açıq havada keçirməyi planlaşdırırıq. Həmin kəndlərdə rəssamlığa meyili olan gənclərin qeydiyyatını artıq həyata keçirmişik.”