Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Dahi Gənclər” layihəsinə yekun vurulub. Mingəçevirin orta ixtisas və ali təhsil ocaqlarının tələbə gənclərini əhatə edən layihə təlim və intellektual yarışlar formasında icra olunub. Reallaşdırılan yarışların əsas məqsədi yeniyetmə və gənclərin asudə vaxtını səmərəli təşkil etmək, eyni zamanda bu oyunlar vasitəsi ilə Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası, adət ənənələri haqqında gənclərin maarifləndirilməsinə dəstək olmaqdır. Üç ay davam edən layihə çərçivəsində 300 gənc 50 komandada yarışıb. Təhsil ocaqlarının komandalarının daxili seçim turundan sonra növbəti ay üçün planlaşdırılan final oyununda “Dahi gənclər” kubokunun sahibi müəyyənləşib.
Turqut Əlibəylinin məlumatına görə on komandanın iştirak etdiyi final yarışı 3 turun nəticələrinə görə yekunlaşıb. Nəticəyə əsasən “Thik” birinci, “Aetsi” ikinci, “Bumeranq” komandası isə üçüncü yerin qalibi olub. Mingəçevir şəhər Gənclər və İdman idarəsinin rəisi Kamal Nəcəfli və şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tofiq Əsgərov qalibləri mükafatlandırıb və gələcək işlərində uğurlar arzu ediblər. Onu da bildirib ki: “Sonda yaradılacaq bu klubun da əsas məqsədi belə yarışların regionda ənənəvi şəkildə təşkil olunmasına xidmət etməkdir”.