29.02.2016-cü il tarixində Bakı şəhəri 189-190 nömrəli orta məktəbdə ixtisas seçimi ilə bağlı təlim keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə qalibi Leyla Əhmədova tərəfindən İsmayıllı, Göyçay və Bakı şəhərində həyata keçirilməsi nəzərdə tutulan “Dövlətimin gələcəyi sənə, sənin gələcəyin seçiminə bağlıdır” adlı layihə çərçivəsində təlimlər uğurla başa çatıb.
Layihənin əsas məqsədi gənclərin düzgün ixtisas seçməsinə yardım etmək, onları ixtisas seçimində qabiliyyət və istəklərin uyğunlaşdırılmasının verdiyi üstünlüklər barədə məlumatlandırmaq, abituriyentləri dövrün tələbinə və gənclərin marağına uyğun olan ixtisaslara yönəltməkdə kömək etmək olub. Qeyd olunan istiqamətlər üzrə həyata keçirilən təlimlərdə iştrakçılara geniş, ətraflı məlumatlar verilib. Bu təlimlə bərabər layihənin 3-cü, sonucu təlimi keçirilmiş və layihə uğurla başa çatıb. Treyninqdə 30 nəfər abituriyent və məktəbli iştirak edib, istedadlı təlimçilərimiz Lalə Darçınova və Simuzər Abdullah çıxış ediblər. Təlimçilərimiz ixtisas seçimi zamanı abituriyentlər üçün hansı kriteriyaları bilməyin faydalı olacağı, bir çox görkəmli şəxsiyyətlərin qazandığı nəticələrin onların etdiyi düzgün seçimdən asılı olması, parlaq gələcək, uğurlu karyera və doğru ixtisasa yönəlməkdə istək və bacarıqların düzgün istiqamətləndirilməsinin əhəmiyyəti barədə nəzəriyyə və təcrübəyə əsaslanaraq gənclərə geniş məlumat verib. Təlim maraqlı, əyləncəli oyunlar və müzakirələrlə yadda qalıb.
Təlim zamanı gənclərə təlimlərlə əlaqəli məlumatları özündə cəmləşdirən maarifləndirici bukletlər paylanılıb. Həmçinin layihənin qiymətləndirilməsi və təlimlərin interaktiv keçirilməsi məqsədiilə iştrakçılar arasında qısa müzakirələr keçirilib, qeydlər aparılıb. Təlimlərin sonunda iştrakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim olunub.