Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Tofiq Bəhrəmovun izi ilə gənc hakimlərin inkişafı” layihəsinə yekun vurulub.
Layihə çərçivəsində həyata keçirilən nəzəri hissədə 50-ə yaxın futbol hakimi olmağı qarşısına məqsəd qoymuş gəncə təlim keçirilib. Təlimdə “FİFA” dərəcəli futbol hakimi Əliyar Ağayev və AFFA hakim-inspektoru Qurban Məmmədov və digər qonaqlar iştirak ediblər.
Layihənin nəzəri hissəsinə çıxış sözü ilə başlayan layihə rəhbəri Əli Fərzəliyev Tofiq Bəhrəmovun Azərbaycan və Dünya idmanındakı rolu və əziz xatirəsi haqqında danışıb və layihənin məqsədi haqqında məlumat verib.
Ə.Ağayev gənc hakimləri peşəkar hakimlik karyerasının perspektivləri və prinsipləri barədə məlumatlandırılıb, futbolda mübahisəli və qeyri-müəyyən situasiyaların idarəedilməsi ilə bağlı öz fikirlərini bölüşüb. Hakimin fiziki hazırlıq normativləri və digər kriteriyalarının necəliyi ilə bağlı fikirlər səsləndirib.
AFFA-nın hakim-inspektoru Qurban Məmmədov ölkədə futbol hakimlərin inkişafı məqsədi ilə gənc hakimlərin qarşısında duran vəzifələrdən söz açmış və hakimlərin bacarıqlarını hansı kriteriyalara görə qiymətləndirildiyini bildirib.
Eləcədə digər qonaqlar layihənin davamlılığının və ölkədə peşəkar gənc futbol hakimlərinin bazasının formalaşmasının zəruriliyini vurğulayıblar. Daha sonra tədbirin nəzəri hissəsi gənc futbol hakimlərinin ekspertlərə sual ünvanlaması ilə davam etmişdir.
Tədbirin praktiki hissəsi isə hakimlərin fiziki normativ məşq etməsi üçün şəraiti olan açıq futzal meydançasında həyata keçirilib. Belə ki, ilk öncə fiziki davamlılıq məşqi keçən gənc hakimlər daha sonra “simulator-referee” proqramını həyata keçiriblər. Yekunda fərqlənən iştirakçılar sertifikatlarla təltif edilib.