Bərdə rayonunda salınmış 866 ailəlik Yeni Qaçqın qəsəbəsində “Qaçqın düşmüş musiqi” layihəsi həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən layihədə qəsəbədə yaşayan 20 nəfər musiqi istedadı olan gənc və Bərdə şəhər musiqi məktəblərindən 10 şagird iştirak edib.
Noyabr –fevral aylarını əhatə edən layihə müddətində qəsəbə sakinlərindən seçilmiş 20 gəncdən musiqi müəllimlərinin, konsertmeysterlərin köməkliyi ilə ansambl hazırlanıb və layihənin sonunda ansambl uşaqlarının, musiqi məktəblərinin şagirdlərinin və eləcə də qəsəbədə yaşayan digər istedadlı uşaqların iştirakı ilə musiqi festivalı təşkil olunub. Layihə rəhbəri Namaz Kərimovun verdiyi məlumata görə 28 fevral tarixində baş tutan festivalda Bərdə rayon icimaiətindən Bərdə şəhər mədəniyyət evinin müdiri Gülbəs Məmmədova, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov və İdarənin gənclər üzrə baş məsləhətçisi Aydın Qasımov, Yoxsulluğun Azaldılması, Əlillərə və Kimsəsizlərə Kömək İctimai Birliyin sədri Əntiqə Muradova, qaçqın qəsəbəsində yerləşən mədəniyyət klubunun müdiri Nüsrət Quluyev, musiqi məktəblərinin müəllimləri və qəsəbə sakinləri də iştirak ediblər. Festivalda daha çox xalq çalğı alətlərinin ifasında rənglər, təsniflər, xalq və bəstəkar mahnıları həmçinin, saz və rəqs nömrələri də yer alıb. Festivalda Bərdə şəhər musiqi məktəblərinin hər birindən bir ifa olmaqla qonaq iştirakçılar da çıxış edib. Sonda iştirakçılar diplomlarla təltif olunublar.