Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirillən “Viki Youth” layihəsi uğurla icra edildi.
“Viki Youth” layihəsi çərçivəsində Şirvan, Hacıqabul, Bakı şəhərində 120-ə yaxın yeniyetmə və gəncə Vikipediya elektron ensiklopediyasında fəaliyyət göstərməyin qaydaları barədə praktik məlumatlar verilib.
Layihə iştirakçılarına “Vikipediya”da mövcud olan ümumi iş prinsipi barəsində bütün məlumatlar dolğun şəkildə izah edilib.
“Viki Youth” layihəsinin rəhbəri Yusif Poladov bildirdi ki, Vikipediya vasitəsi ilə Azərbaycanın maraqlarının beynəlxalq aləmdə təbliğinə xidmət edən, müasir kompyuter və internet texnologiyalarından istifadə etməyi bacaran gənclərə böyük ehtiyac var. Layihənin əsas komponenti təlimlərin keçirilməsi yolu ilə həvəskar vikipediyaçıların səriştəsinin artırılması olduğunu qeyd edib. Sonda vurğuladı ki, Vikipediya vasitəsilə hansı millət öz
dəyərləri və həqiqətlərini geniş təbliğ edirsə, o, internet mühitində mövcud olan informasiya qarşıdurmasında üstünlük əldə edir. Bununla yanaşı, Vikipediyada milli-mənəvi dəyərlərimiz haqqında yalnız Azərbaycan dilində yox, həmçinin dünya xalqlarının dillərində, xüsusən
də populyar dillərdə çoxlu sayda kontentlər yerləşdirilməlidir. Şübhəsiz, bu prosesdə təkcə Azərbaycan vətəndaşları deyil, həm də dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz yaxından iştirak etməlidirlər.
Daha sonra layihə iştirakçılarına ixtisaslaşmış təlimçilər tərəfindən “Vikipediya nədir?”, “Vikipediyada kimlər barədə məqalələr yaratmaq olar?” və ən əsası “Vikipediyada necə işləmək olar?” mövzularında təlimlər keçirilib.