18 Fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən “PsixoYol” layihəsinin ilk təlimi Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında baş tutmuşdur.
Layihənin əsas ideya və məqsədini gənclər arasında zərərli vərdişlərə olan marağın psixiloji faktorlarının üzə çıxarılması, problemin həlli naminə bir sıra addımların atılması, fəaliyyət zamanı birbaşa gənclərin ideyalarının reallaşdırılması vasitəsilə gənclərin müasir düşüncə tərzinin nəzərə alınmasına diqqət yetirərək zərərli vərdişlərin gənc nəsil arasında qarşısının alınması və layihənin müsbət nəticələrinin bütün gənclər tərəfindən əlçatan olması üçün layihə ərzində əldə olunan bütün irəliləyişlərin kütləviləşdirilməsi kimi məsələlər təşkil edir.
Layihə çərçivəsində məktəblilər, yeniyetmə və gənclər arasında seminar və təlim formatında məlumatlandırma və maarifləndirmənin aparılması üçün tədbir və təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında baş tutmuş ilk təlimdə şagirdlər mövzu haqqında məlumatlandırılmış, zərərli vərdişlərlə mübarizədə psixoloji fikir mübadilələri aparılmış və kiçik debatlar formasında zərərli vərdişlərlə mübarizə aparmağın yolları, bu mübarizə zamanı insan iradəsinin, sosial faktorların və kənar dəstəyin əhəmiyyəti haqqında müzakirələr baş tutmuşdur.
Nəzərinizə çatdırmaq istərdik ki, “Psixo-Yol” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsi çərçivəsində etimada layiq görülmüş və maliyyələşdirilmişdir.