Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, həmçinin Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Gənc Yazarlar – Uğurlu Addımlar” adlı müsabiqə keçirilib. Tədbir 3 gün davam edib.
Tədbirin ilk günü gənclər yazar olmağın üstünlükləri, insanın mənəvi aləminə verdiyi töhfələri, o cümlədən peşəkar yazıçı olmaq üçün nələr etməli, bu yolu necə qət etməli mövzusunda layihə rəhbəri tərəfindən maarifləndirilib. Günün sonunda gənc yazarlara yazacaqları mövzu izah edilib, iştirakçılar növbəti gün üçün müsabiqəyə dəvət alıb. Növbəti gün gənc yazarlar öz əsərləri ilə çıxış edib, şeirlər, esselər və məqalələr səsləndirilib. Hər bir yazar layihə rəhbəri tərəfindən dinləndikdən sonra gənclər bir sonrakı görüş üçün yola salınıb. Tədbirin sonuncu günü Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi cənab Vüqar Əliyev, həmçinin “İntellekt” gənclər klubunun rəhbəri cənab Rəşad Rəhimov çıxış edərək, gəncləri aktiv fəaliyyətə dəvət edib, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna təşəkkür edib. Sonuncu görüş zamanı mükafatlandırma mərasimi baş tutub. Belə ki, yazıçı və ekspert tərəfindən qiymətləndirilən yazılar arasında seçim olunub. Seçimin çətinliyini nəzərə alaraq, ən yaxşı beş yazıya diplom və hədiyyə verilib. Digər iştirakçılar isə həvəsləndirici sertifikat və hədiyyə ilə mükafatlandırılıb. Sonda isə layihə rəhbəri tərəfindən gənclər bu kimi layihələrə dəvət olunub və tədbir xatirə şəkilləri ilə yekunlaşdırılıb.
Qeyd edək ki, layihənin əsas məqsədi Bakıda yaşayan xüsusi istedada malik yeniyetmə və gənclərin bacarıqlarının üzə çıxarılması və gənclər arasında bədii ədəbiyyatın təbliğidir.