Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan “Sumqayıt məktəblilərində bədii ədəbiyyata marağın artırılması” layihəsi çərçivəsində Sumqayıt şəhər İdrak liseyində bir qrup tanınmış şair və yazıçılarla məktəblilərin görüşü keçirilib.
Görüşdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair, publisist, sosioloq, iqtisad elmləri doktoru, “Ahəngyol” elmi – fəlsəfi konsepsiyasının yaradıcısı Əhməd Məmmədov, AYB-nin üzvü, “Qızıl qələm” mükafatçısı, AYB-nin orqanı olan “Ulduz” jurnalının poeziya şöbəsinin rəhbəri, şairə Fərqanə Mehdiyeva, “Qızıl qələm” mükafatçısı, Prezident təqaüdçüsü, “Kitab evi” ictimai birliyinin direktoru, şairə Nəzakət Məmmədova, AYB-nin üzvü, Prezident mükafatçısı, bir sıra poeziya mükafatları laureatı, şair Kəmaləddin Qədim, AYB-nin üzvü, “Qızıl qələm” mükafatçısı, şair Yusif Nəğməkar, AYB-nin üzvü, “Qızıl qələm” mükafatçısı, yazıçı, tərcüməçi Arif Ərşad, AYB-nin üzvü, şair Maşallah Məftun iştirak edirdi.
Layihə rəhbəri Günay Şivəxanlı tədbiri açaraq Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi layihənin məqsədi, qarşıya qoyulan vəzifələr barədə məlumat verib. Ədəbiyyat müəllimi Zülfiyyə Bəşirova ədəbiyyatımızın tarixi, bədii ədəbiyyatın insan mənəviyyatın formalaşmasında rolu və əhəmiyyəti barədə qısa çıxış etdikdən sonra söz dəyərli ziyalılara verilib.
Şairlər öz yaradıcılıqları barədə tədbir iştirakçılarına məlumat veriblər, şeirlərini oxudular, ayrı-ayrı şeirlərinin yazılma tarixçələri ilə bağlı xatirələrini bölüşüblər. Daha sonra şagirdləri maraqlandıran suallara cavab verib və onlara bədii ədəbiyyat oxumağa, çoxlu mütaliə etməyi tövsiyyə ediblər. Şagirdlər çox maraqla ziyalıları dinləyiblər.
Tədbirin sonunda şairlər yeni çap etdirdikləri kitablardan şagirdlərə hədiyyə edib və şagirdlərlə xatirə şəkilləri çəkdiriblər.