Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsi üzrə maliyyələşdirdiyi, Xəzər Rayon Gənclər və İdman İdarəsinin, həmçinin “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin təşkilati dəstəyi ilə “Zərərli Vərdişlərə Yox Deyək” adlı rəsm sərgisi keçirilib. Tədbir 3 gün davam edib.
Birinci gün gənclər zərərli vərdişlərin düzgün anlaşılması, onların insan həyatına təsiri, həmçinin onlardan qaçmağın, yayınmağın yolları mövzusunda maarifləndirilib. Gənc rəssamlar həmin gün mövzu çərçivəsində şəkillər gətirib və sərgi açılıb. Növbəti gün gənc rəssamlar öz əsərlərini izah edib, həmin əsərlərdəki fikirlərini bölüşüb. Sonuncu gün isə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi cənab Vüqar Əliyev, həmçinin “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin sədri cənab Hidayət Kərimovun iştirakı ilə gənclər mükafatlandırılıb, ilk 3 yer hədiyyə və diplom ilə, digər iştirakçılar isə sertifikatla təltif olunub. Sonda isə moderator tərəfindən gənclər bu kimi layihələrə dəvət olunub və tədbir xatirə şəkilləri ilə yekunlaşıb.
Qeyd edək ki, layihənin əsas məqsədi Xəzər rayonunda yaşayan xüsusi istedadlara malik yeniyetmə və gənclərin öz bacarıqlarını nümayiş etdirməsi, həmçinin zərərli vərdişlərin mənfi təsirinin düzgün dərk edilməsi və bunun təbliğidir.