Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 11 fevral, 2016-cı il tarixində 7-ci qrant müsabiqəsinin qalibi olan “Sülh üçün Oyna” adlı futbol turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Layihənin ideya rəhbəri Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) fəalı Orxan Rəhimzadədir.
“Sülh üçün Oyna” futbol turnirinin məqsədi gənclər arasında sülh və bəşəri dəyərləri təbliğ etmək, sülh quruculuğu və mədəniyyətini gənclər arasında diqqət mərkəzində saxlanılmasına çalışmaqdır. Layihə istiqamətində 10-15 yaşlı məktəblilər arasında futbol turnirinin təşkil olunması və Sülh üçün Oyna adlı video çarxın hazırlanması nəzərdə tutulub.
Tədbiri ilk olaraq layihə rəhbəri Orxan Rəhimzadə açdı və layihənin mahiyyəti barədə məlumat verdi. Azərbaycan Gənclərinin Avropaya İntqerasiyası Təşkilatının sədri Nərgiz Xələf də çıxış edərək gənclərə sülhlə bağlı mesajını çatdırdı. Daha sonra Qarabağ Futbol Klubunun baş məşqçisi Qurban Qurbanova söz verildi. O da öz növbəsində layihə ilə bağlı fikirlərini bölüşdü və gənclərə uğurlar arzuladı. Növbəti olaraq layihə müddətində keçirilən futbol turnirinin qalibləri müəyyən olundu.
Beləliklə 1-ci yeri Xocəsən İdman məktəbi, 2-ci yeri Suraxanı İdman məktəbi, 3-cü yeri İOKİM idman məktəbi qazandı. Onlar layihə rəhbəri və AGAT təşkilatı tərəfindən kubokla təltif olundular. Ümumilikdə turnirdə iştirak edən bütün komandalara sertifikat verildi. Sonda məktəblilər və Qurban Qurbanov arasında maraqlı disskusiya baş verdi.
Qeyd edək ki, Qurban Qurbanovla görüş “Sülh üçün Oyna” layihəsinin tərəfdaşı olan Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) tərəfindən təşkil olunmuşdur.