Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam gənclik etibarlı gələcəkdir” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib. Layihə rəhbəri Şəms Həsənlinin verdiyi məlumata görə, icra planına uyğun olaraq məktəbəqədər təhsil müəssisələrində olan uşaqlar da daxil olmaqla, gənclərin milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyəsi və sağlam həyat tərzinin formalaşması istiqamətində gələcəyin sahibi olan gənclərin maarifləndirilməsi layihənin əsas məqsədi olmub.
Bu məqsədlə, ilk tədbir Bakının Xəzər rayonunda yerləşən Binə qəsəbəsində keçirilib. Daha sonra Binəqədi rayonu ərazisində yerləşən 138 saylı və 158 saylı Körpələr evi-uşaq bağçalarında keçirilən tədbirlərdə xüsusi hazırlanmış video-çarxlar nümayiş olunub, uşaq bağçalarında təhsil alan körpələrin ifasında sağlam həyat tərzindən bəhs edən və ekoloji mədəniyyəti təbliğ edən mövzularda səhnəciklər nümayiş etdirilib. Daha sonra layihə iştirakçılarına təlimçi tərəfindən mühazirələr oxunub.
Xatırladaq ki, Gənclər Fondunun VII qrant müsabiqəsinin qalibi olan “Gənclərə Qayğı” İctimai Birliyinin “Sağlam gənclik etibarlı gələcəkdir” layihəsi çərçivəsində gənclər arasında milli- mənəvi dəyərlər və sağlam həyat tərzi mövzularında maarifləndirici görüşlər keçirilib.