Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyilə “Ucqar kəndin gənc müəllimi” layihəsi çərçivəsində eyniadlı sənədli film ərsəyə gətirilib.
Filmdə İsmayıllı rayonu Qalacıq kənd orta məktəbində coğrafiya fənnini tədris edən Sevinc Məmmədovanın müəllimlik həyatına qısa nəzər yetirilir.
Qeyd edək ki, Sevinc Məmmədova Sumqayıt şəhərində doğulub, Sumqayıt şəhər 4 saylı orta məktəbin məzunudur. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib.
Layihənin rəhbəri Qalib Kazımlı, filmin rejissoru Cavanşir Eladisoydur.
Qalib Kazımlı layihə barədə təəssüratlarını bölüşüb:
“Layihə gözlədiyimiz nəticəni verdi. Çünki, cəmiyyətin ən əsas problemlərindən birinə toxunduq və layihənin nəticəsi olaraq həm yarım milyondan çox insana mesaj göndərmiş olduq, həmçinin də yazılan rəylərdə diqqətimi çəkən bir neçə gəncin rəyi oldu. Onlar məni çox düşündürürdü. Hansısa kəndə işləməyə getmək amma bu video-çarxdan sonra fikrimdə daha dəqiq oldum. Vətənə xidmət hər birimizin borcudur. Çox gəncdən bu tipli rəylər aldım və bizim layihənin ən böyük uğuru budur. Layihənin davamını hazırlayırıq.”