Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Region gəncləri üçün Multimedia təlimlərinin təşkili” layihəsi çərçivəsində təlimlər keçirilib. Samux, Beyləqan və Tovuz rayonunda keçirilən təlimlərdə bu regionlara yaxın yaşayan 14-29 yaş arası region gəncləri qatılıb.
Layihənin əsas məqsədi regionlarımızda yaşayan gənclərə multimedia anlayışını praktiki məşğələlərlə izah etmək, onlara sosial medianın verdiyi üstünlükləri əyani şəkildə göstərmək və regionlarımızın təbliğ olunmasında gənclərin rolunun artırılması işinə töhvə vermək idi. Üç regionda təşkil olunan təlimlərdə Multimedianın əsas elementləri sayılan – auido yazılması, foto və video çəkilişlər, eləcə də mətn yazılması barədə peşəkar bilik və bacarıqlar öyrədilib. Eyni zamanda gənclərə praktiki tapşırıqlar verilib və onların təlimdə öyrəndiklərini tətbiq etmələri üçün rol oyunları həyata keçirilib.
“Region gəncləri üçün Multimedia təlimlərinin təşkili” layihəsi fərdi gəncin layihəsi olub və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsində qalib olub. Layihənin uğurlu icra olunmasında Azərbaycan Jurnalistlər Şəbəkəsi İB və Gənclər üçün Təhsil Mərkəzi İB, eləcə də təlimlərin keçirildiyi regionlarda fəaliyyət göstərən gənclər təşkilatları təşkilati dəstək nümayiş etdirib.