30 yanvar 2016-cı il tarixində Sumqayıt şəhəri Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Nabat Atayeva tərəfindən icra olunan “Gənclərin ideya məktəbi” layihəsi çərçivəsində növbəti təlim baş tutub. İlk öncə çıxış edən layihə rəhbəri Nabat Atayeva layihə və onun məqsədi, qarşıya qoyulmuş vəzifələr, Gənclər Fondu haqqında geniş məlumat vermişdir.
Təlimçi Ceyhun Hüseynzadə “Layihə və komanda işi” adlı təlimə start vermişdir. “Məktəb”ə qəbul edilmiş gənclər mövzu ilə bağlı maraqlı müzakirələrdə iştirak ediblər. İnteraktiv metodlarla keçirilən təlimdə iştirakçılar layihə idarəetməsi, komanda işi, layihə ideyasının yaranması, problemin təsviri, kreativ ideyalar və digər məsələlər haqqında geniş bilgilər əldə etmişlər. Nəzəri hissədən sonra qruplar praktiki işlərini hazırlayaraq auditoriya önündə təqdim ediblər. Layihənin əsas məqsədi “Gənclərin ideya məktəbi” vasitəsilə ölkəmizin ümumi inkişafında gənclərin rolunun daha da artırılmasına dəstək göstərməkdən ibarətdir.