Qazaxda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə lentə alınmış “İgidlərin Beşiyi Elim Mənim” adlı sənədli filmin təqdimat mərasimi keçirilidi. İlk öncə təqdimat iştirakçılarına bukletlər paylanıldı. Tədbirin aparıcısı gənc yazar AYB-nin üzvü Prezident təqaütçüsü Taleh Mansur sözü gedən filmin Prezident yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsinin qalibi olduğunu və çəkilişlərin iki aya yaxın müddətdə Qazax, Ağstafa və Bakı şəhərlərində aparıldığını diqqətə çatdırdı. Qeyd etdiki, filimin əsas süjet xəttinin milli qəhrəmanlar Şamoy Çobanov, Mərifət Nəsibov və Rafiq Alıcanovun keçdiyi döyüş yolu təşkil etsə də, ekran əsərində Qazağın tarixi, coğrafiyası, təbiəti, işğal edilmiş kəndlərində erməni təcavüzünə məruz qalmış milli-mənəvi və tarixi abidələr haqqında da geniş məlumat verilir.
Daha sonra filmin nümayişi başlandı. Əlli iki dəqiqə davam edən film təqdimat iştirakçılarına duyğulu və qürurlu anlar yaşatdı. Nümayiş başa çatdıqdan sonra söz layihənin rəhbəri və filmin rejissoru Şamil Muradlıya verildi. O da öz növbəsində tədbir iştirakçılarına dəyərli vaxtlarını ayırıb təşrif buyurduqlarına görə təşəkkür etdi. Başda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu olmaqla, filmin ərsəyə gəlməsində yardım etmiş bütün şəxslərə öz minnətdarlığını bildirdi. Gənclərimizin vətənpərvəlik hisslərini daha dərindən mənisəməsi prosesində bu filmin mühüm vasitə olacağını vurğuladı.