“Gənclərin uğur siması” vətəndaş jurnalistikasının yaradılması layihəsində tələbələr vətəndaş jurnalistikasını ənənəvi jurnalistikadan fərqləndirən cəhətləri öyrəniblər. Layihənin bu dəfəki qonağı tanınan jurnalist, Lider televiziyasının Xəbərlər departamentinin Sosial və mədəniyyət redaksiyasının rəhbəri Elnur Niftəliyev olub. O tələbələrə televiziya fəaliyyəti, jurnalistika peşəsinin çətin, bir o qədər də rəngarəngliyindən danışıb. Elnur Niftəliyevin görə, jurnalist birinci vətəndaş olmalıdır. Hər kəs vətəndaş jurnalistikası ilə məşğul ola bilər, amma bir nüansı unutmamaq şərti ilə jurnalist nə qədər məlumatlıdırsa, o qədər jurnalistdir. Yəni məsələni araşdırmadan ortaya problem qoymaq düzgün deyil. Peşəkar jurnalistin vətəndaş jurnalistikası ilə məşğul olan şəxsdən fərqi jurnalistin problemi gündəmə gətirməkçün tələsməməsidir. Əks halda hazırladığı problemli material ünvanladığı qurumun yeni qərarı ilə suya düşə bilər. Redaksiya rəhbəri vətəndaş jurnalistikasının bəzən süni gərginliyə səbəb olmasını da vurğulayıb. Seçdiyi sənəti son illər yaranan vəziyyətə görə təəssüflə “İp-lərə hesablanan Jurnalistika” adlandıran Elnur Niftəliyev, Azərbaycanda fəaliyyət göstərən əksər xəbər portallarının oxucuya bütün hallarda müştəri gözü ilə baxdığını, mətn başlıqları ilə insanları aldatdıqlarını, xəbərdə dəqiqlik, operativlik, hətta yanlış xəbəri oxuyan insan taleyinin isə arxa plana atıldığını deyib. Təlimin sonunda isə layihə rəhbəri Şamil Məhərrəmov iştirakçılara növbəti təlimdə qonaqların kimliyi və hansı mövzu ətrafında fikir mübadiləsi aparacaqları barədə məlumat verib.
Qeyd edək ki, “Gənclərin uğur siması” vətəndaş jurnalistikasının yaradılması layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə həyata keçirilir.