Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, və “İRƏLİ” İctimai Birliyinin tərəfdaşlığı ilə ideya müəllifi Anar Qurbanov olan “Öyrən və Kəşf Et” layihəsinin ilkin mərhələsi başa çatıb.
Səmti müəyyənetmə idman növü dünyada çox geniş şəkildə yayılmışdır. Bu ondan qaynaqlanır ki, hərəkətdə olmaq sağlam vücudun ən əsas şərtidir. Gənclərə sağlam həyat tərzinin aşılanması və bu kimi idman növlərinə həvəsləndirmə, asudə vaxtın səmərəli təşkili məqsədi ilə keçirilən “Öyrən və Kəşf et” layihəsi çərçivəsində Səmti Müəyyənetmə Federasiyasının peşəkar təlimçisi Şəhriyar İsmayılov silsilə təlimlərdə ətraf mühiti daha yaxşı tanımaq, təbiətdə səmti düzgün müəyyən etmək, fors-major halların öhdəliyindən necə gəlmək kimi suallara cavab verib.
Təlim çərçivəsində gənclərə yarış zamanı həyata keçiriləcək oyun şərtlərinə, xüsusi idman növünün tarixinə, yarışlar zamanı təhlükəsizlik və yarış qaydalarına, gənclərin bu kimi vasitələrdən istifadə etməklə səmti müəyyən etmək bacarıqlarının artırılmasına dair geniş məlumatlar verilmişdir.
Layihə çərçivəsində gənclər arasında Veloparkda növbəti həftə daha geniş formada bir yarışın keçirilməsi planlaşdırılır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Öyrən və Kəşf et” layihəsinə ümumilikdə 150 nəfərə yaxın gəncin müraciəti daxil olmuş və seçimlər əsnasında 30 nəfərin iştirakı təmin olunmuşdur.