Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Sara Fərzəliyeva tərəfindən həyata keçirilən “Dövlət atributlarını tanıyaq və tanıdaq!” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir.
Tədbir Sumqayıt şəhərində 4 nömrəli tam orta məktəbdə layihənin təlimçisi Anar Həsənlinin, məktəbin müəlliməsi Təranə Mikayılovanın, şagirdlərin və könüllü qonaq Tünzalə Miriyevanın iştirakı ilə baş tutmuşdur.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Sara Fərzəliyeva layihənin donoru olan Gənclər Fondu və onun yaranmasından, bu gün respublikada prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən və həyata keçirilən layihənin məqsədindən danışmışdır.
Təlimçi Anar Həsənli dövlət atributlarımız və onların yaranma tarixi haqqında danışmışdır. Təlimçi himnimiz sözləri və musiqisi, bayrağımızın rəngləri və mənası, həmçinin gerbimizin simvolları və onların mənaları haqqında ətraflı məlumat vermişdir. A. Həsənli şagirdləri dövlət atributlarımıza qarşı diqqətli və hörmətlə yanaşmağa səsləmişdir.
Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Təranə Mikayılova çıxışında layihənin əhəmiyyətini xüsusi olaraq vurğulamışdır və şagirdlərə bu layihə vasitəsilə maariflənmə imkanından istifadə etməyi məsləhət görmüşdür. Çıxışının sonunda T. Mikayılova şagirdlərdən himnimizi onunla bərabər oxumağı xahiş edib və tədbir iştirakçıları himnimizi oxuyublar.
Sonra söz könüllü qonaq Tünzalə Miriyevaya verilmişdir. Milli Aviasiya Akademiyasının tələbəsi olan T. Miriyeva layihə haqqında eşitdiyini və maraqlandığını bu səbəbdən də tədbirdə iştirak etdiyini demişdir. T. Miriyeva layihənin əhəmiyyətini qeyd edərək layihənin rəhbəri Sara Fərzəliyevaya və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna təşəkkürürünü bildirmişdir.
Sonda tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış maarifləndirici bukletlər paylanılmışdır, şagirdlərə dəftərxana ləvazimatları hədiyyə edilmişdir və xatirə şəkilləri çəkdirilmişdir.