Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra edilən “Mən Gələcəyin Diplomatıyam” layihəsinin açılış tədbiri və ilk seminarı keçirilmişdir. Tədbir Azərbaycan Dillər Universitetində təşkil olunmuşdur. Tədbirdə layihə rəhbəri, YAP Gənclər Birliyi Ofisinin əməkdaşı Əli Qənbərli, ADU TGT-nin sədri Faiq Məmmədov, Universitetin Regionşunaslıq və Beynəlxalq münasibətlər fakultəsində təhsil alan tələbələr iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Əli Qənbərli iştirakçıları salamlayaraq, gələcəyin diplomatlarını layihədə fəal iştirak etməyə çağırdı. Sözügedən layihənin gənc diplomatlar üçün bir təcrübə mənbəyi, öyrəndiklərini tətbiqetmə məkanı olacağını qeyd edən layihə rəhbəri iştirakçılara beynəlxalq münasibətlər, burada aktual olan nəzəriyyələr, siyasi gedişlərin mahiyyəti haqqında ətraflı məlumat verdi. Hazırki, beynəlxalq münasibətlər sisteminin olduqca mürəkkəb dövr keçdiyini qeyd edən Əli Qənbərli hər bir gənci xüsusən də gənc diplomatları dünyadakı hadisələrin gedişini izləməyə və buna adekvat olaraq dövlət siyasətinə dəstək verməyə çağırdı. Xaricdə yaşayan, təhsil alan azərbaycanlıların dövlətimizin təbliğatçısı olmaq üçün mühüm imkanlara malik olduqlarını və bu imkandan maksimum dərəcədə istifadə etmələrinin vacib olduğunu bildirdi. Sonra çıxış edən Faiq Məmmədov Azərbaycan dövlətinin gənclər üçün yaratmış olduğu imkanlardan, gənclər siyasətindən bəhs edərək vurğuladı ki, ölkə gənclərinin hərtərəfli inkişafı üçün lazımi şərait yaradılmışdır və hər bir gənc bundan istifadə etməyə çalışmalıdır. Son illər ərzində ölkə gəncləri bütün sahələrdə öz fəallıqları ilə seçilirlər-deyə Faiq Məmmədov bildirdi. Daha sonra ADU Diplomatiya klubunun üzvləri çıxış edərək, layihənin hazırkı dövr üçün vacib olduğunu bildirdilər. Tədbir qarşılıqlı fikir mübadiləsi formasında davam etdirildi.