Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Vasif Musayev tərəfindən Quba rayonunda həyata keçirilən “Milli mədəni irsimiz olan xalçaçılıq sənətinin qorunması” layihəsi çərçivəsində ilk sərgi keçirilmişdir.
Sərgi Quba Ticarət Yarmarkasında təşkil olunmuşdur.
Sərgini giriş sözü ilə layihə rəhbəri Vasif Musayev açaraq layihənin donoru olan Gənclər Fondu və onun yaranmasından, həyata keçirilən layihənin məqsədindən danışmışdır. Vasif Musayev layihənin 7 xalçaçılıq məktəbindən biri olan Quba rayonunda icrasını xüsusi olaraq vurğulamışdır. Layihə rəhbəri Azərbaycan xalçalarının Dünya mədəniyyətinə təsirini artırmaq üçün və dünyada Azərbaycan xalçası kimi təmsil olunması üçün xalçaçılıq sənətinin qorunmasına ehtiyac olduğunu qeyd etmişdir.
Sonra çıxış edən ekspert Azərbaycan xalçalarının dünyada tanınmasından və bu sənətin ölkəmizdə hələ də yaşadılmasından, Azərbaycan xalçalarının Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2010-cu ilin noyabr ayında UNESCO-nun “Qeyri-maddi Mədəni İrs” siyahısına salınmasından danışmışdır.
Ekspert sərgidə nümayiş olunan Quba xalçalarının ən parlaq kompozisiyaları “Qədim-Minarə xalçası“, “Qımıl xalçası“, “Alpan xalçası“, “Qollu-çiçi xalçası“, “Pirəbədil xalçası“, “Hacıqayıb xalçası“, “Qırız xalçası“, “Cek xalçası” və digəriləri haqqında geniş məlumat vermişdir.
Tədbirdə iştirak edənlərin sualları ekspert tərəfindən cavablandırılmışdır.
Sonda tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanan bukletlər paylanılmışdır.