Gənclər üçün Təhsil Mərkəzi (GTM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Festivala Ağcabədi və ətraf rayonlardan olan yüzlərlə istedadlı gənc, rəsmi şəxslər və mədəniyyət sahəsində çalışan insanlar qatılmışdır.
Festivalı giriş sözü ilə açan Mərkəzin Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarova bildirmişdir ki, “Qızıl Payız”ın əsas məqsədi müxtəlif regionlarda, eləcə də Qarabağda gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına kömək etmək, habelə yeniyetmə və gənclərdə yaradıcılığa kütləvi maraq oyatmaqdır. Mərkəz mütəmadi olaraq, ayrı-ayrı regionlarda yaradıcılığa həsr olunmuş tədbirlər təşkil edir, istedadlı uşaqların, yeniyetmə və gənclərin üzə çıxarılması üçün proqramlar reallaşdırır. Bu Festival isə axtarışında olduğumuz və tapdığımız istedadlı Qarabağlı gənclərin yaradıcılığının təqdimat mərasimidir. O, bildirmişdir ki, Festival Ağcabədi rayonunda öncə Gəncə və Mingəçevir şəhərlərində keçirilmişdir Sözügedən Festivallara hazırlıq məqsədilə hər 3 regionda yaradıcılıq dərnəyi qurulmuş, festival iştirakçısı olmaq istəyən gənclər üçün zəruri olan musiqi avadanlıqları, rəsm və digər sahələr üzrə müvafiq materiallar yerləşdirilmiş, o cümlədən yaradıcılıq təlimləri keçirilmişdir. Dərnəklər qismən yaradıcılıq qabiliyyəti olan yeniyetmə və gəncin öz bacarıqlarını inkişaf etdirmələri, özünü cəmiyyətə tanıtdırmaları və inkişaf etmiş yaradıcı insana çevrilmələri üçün imkanlar yaratmışdır. Dərnəklərdə gənclər yalnız yaradıcılıq sahəsində deyil, eyni zamanda özlərinin şəxsi inkişafları, təşəbbüskarlıqlarının artırılması, komanda ilə işləmək üçün müxtəlif təlimlər keçmiş, oyun və müsabiqələrdə iştirak etmişlər.
Daha sonra qonaq qismində iştirak edən şəxslər çıxış etmiş, Festivalın əhəmiyyəti, dövlətin bu sahədə gördüyü işlər, əldə olunmuş nailiyyətlər barədə iştirakçıları məlumatlandırmışlar. Onlar bu Festival vasitəsilə daha çox istedadlı gəncin meydana çıxmasına şərait yarandığını qeyd edərək bildirmişlər ki, Mərkəzin bu təşəbbüsü regionda yaradıcı gənclərə böyük stimul verəcək və onların sırasını genişləndirəcəkdir.
Rəsmi açılış mərasimi bitdikdən sonra, səhnə yaradıcı gənclərin ixtiyarına verilmişdir. Onlar yaradıcılığın müxtəlif sahələrində (muğam, teatr, rəssamlıq, musiqi, ədəbiyyat və s.) bacarıqlarını nümayiş etdirmiş, öz istedadlı çıxışları ilə qonaqların könlünü oxşamışdırlar.
Festival həm açıq havada, həm də qapalı zalda keçirilmişdir.
İlk növbədə açıq havada yaradıcı gənclərin hazırladıqları əl işlərinə və rəsm əsərlərinə baxış keçirilmiş, qonaqların fikirləri öyrənilmişdir. Daha sonra gənclərin teatr səhnələri, musiqi nömrələri təqdim olunmuş, rəqslər və digər yaradıcılıq nümunələri nümayiş etdirilmişdir.
Festivalın sonunda iştirak edən hər bir gəncə Mərkəzin diplomları təqdim edilmiş və onlar mükafatlandırılmışlar.