30 noyabr 2015-ci il tarixdə YAP Binəqədi Rayon Təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsinin qalibi, rayonun fəal gənci Nilufər Yunusovanın “Yaşıl Ürək” adlı fərdi layihəsinin bağlanış mərasimi və eyni adlı rəsm sərgisi keçirilmişdir. Əvvəlcə iştirakçılar sərgiyə baxdılar.
Tədbirin aparıcısı Xəzər Universitetinin Humanitar və Sosial Elmlər Fakültəsinin “İngilis dili” ixtisasının III kurs tələbəsi, “Sosial Məişət Problemlərinin Elmi Araşdırma Mərkəzi”nin rəhbəri və mühazirəçi Mirağa Bağırov rəsm müsabiqəsində iştirak edən məktəblilərə ekologiya mövzusunda suallar ünvanladı.
Sonra tədbir rəsmi hissə ilə davam etdirildi. Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının baş təlimatçıları Kubra Əliyarlı və Rahil Şükürov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova, YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, gənclərlə iş üzrə nümayəndələr, məktəblilər iştirak etmişlər.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının baş təlimatçısı Kubra Əliyarlı, YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüsü Zahirə Ağayeva çıxış edərək ölkəmizdə gənclərin fərdi inkişafı üçün yaradılan şəraitdən danışdılar.
Layihə rəhbəri Nilufər Yunusova çıxışında layihənin icrası müddətində ona dəstək olan hər kəsə təşəkkürünü bildirdi.
Layihənin sonunda iştirakçılar sertifikatla mükafatlandırıldılar.
Qeyd edək ki, layihə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkilatçılığı ilə reallaşdırılmışdır.