Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Düz Seç” layihəsi çərçivəsində 23 dekabr tarixində Vision TV-nin konfrans zalında tədbir keçirib.
Konfransı giriş sözü ilə açan İctimai Birliyin sədri Xoşbəxt Seyidova tədbir iştirakçıları və KİV nümayəndələrini salamladıqdan sonra təşkilatın məqsəd və vəzifələri haqqında geniş məlumat verib.
2001- ci ildən təsis edilən İctimai Birlik əlil və fiziki qüsurlu gənclərin cəmiyyətə inteqrasiyasına yardım göstərmək və onlara hərtərəfli dəstək olmaq üçün fəaliyyəti ərzində bir sıra uğurlu layihələr həyata keçirib. Eyni zamanda istedadlı və yaradıcı gənclərin aşkarlanması cəmiyyətin sosial-ictimai həyatında onların daha fəal iştirak etməsi üçün aktiv fəaliyyət göstərən təşkilat gənclərlə sıx əməkdaşlıq edir.
Azərbaycan gəncliyi hər sahədə olduğu kimi seçki sahəsində də potensial seçici və potensial namizəd kimi öz fəallığı ilə fərqlənir deyən Xoşbəxt Seyidova çıxışında Gənclər Fondunun dəstəyilə keçirilən “Düz Seç” layihəsinin məqsədindən və layihə çərçivəsində gənclərlə aparılan uğurlu işlər və keçirilən seminarlardan danışdı.
Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyinin sədri, layihənin əsas məqsədinin parlament seçkilərində ilk dəfə iştirak edən gənclərin seçki biliklərinin artırılması, onların maariflənməsinə dəstək vermək və seçki fəallığının artırılması olduğunu söylədi.
Təşkilat sədri, eyni zamanda seçkilərdə bu və ya digər səbəbdən iştirak etməyən, səs verməyə qatılmayan və ya ilk dəfə səs verəcək gənclərin seçki mədəniyyəti ilə bağlı maariflənməsinə dəstək vermək üçün layihə çərçivəsində gənclərlə geniş söhbət və qarşılıqlı diskusiya aparıldığını qeyd etdi.
19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsinin sədri, layihənin təlimatçısı Ədalət Tarverdiyev isə çıxışında öncəki illərlə müqayisədə gənclərin bu ilki seçkilərdəki aktiv iştirakını xüsusilə qeyd etdi. Məntəqə sədri “Düz Seç” layihəsi çərçivəsində keçirilən tədbir və seminarların gənclərin seçki ilə bağlı maariflənməsində böyük rol oynadığını dedi.
Qeyd edək ki, layihədən faydalananlar Bakı şəhərində yaşayan və təhsil alan 180 nəfər gəncdir ki, həmin gənclər ” Düz Seç” layihəsi çərçivəsində keçirilən 6 seminarda iştirak ediblər. Eyni zamanda təşkilat bu layihədən faydalanan gənclərin sayını artırmaq üçün 430 ədəd buklet və 350 ədəd broşur paylayıb.
Sonda Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyinin sədri Xoşbəxt Seyidova media nümayəndələrinin suallarını cavablandırıb.