Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyilə 13 dekabr 2015-ci il tarixində Sumqayıt şəhərində şahmat yarışı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Anar Qasımov yarışın xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr edildiyini qeyd etmiş və ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, yeniyetmə və gənclərə göstərilən diqqət və qayğıdan danışmışdır.
Layihənin məqsədi gənclər arasında şahmat oyununa marağın artırılması və 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi haqqında gənclərin maarifləndirməsidir.
Olimpiya sistemi üzrə 34 nəfər iştirakçı arasında keçirilən və 4–saata yaxın davam edən gərgin mübarizədən sonra Sərxanlı Orxan I, Musayev Saleh II, Alişanov Süleyman isə III-yerə layiq görülmüşdür. Qaliblərə sertifikat və hədiyyələr verilmiş, fasilə zamanı isə koffe-break təşkil olunmuşdur.