11 dekabr 2015-ci il tarixdə Tərtər rayon Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən icra edilən “İntellektual oyunlar vasitəsilə vətənpərvərliyin təbliği” layihəsi çərçivəsində Tərtər rayon seçim turu təşkil edilmişdir. Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin və məlum qəzada həlak olan neftçilərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Gənclər tərəfindən maraqla qarşılanan tədbiri giriş sözü ilə açan layihə rəhbəri, “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov gəncləri salamlamış, donor təşkilat, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti, layihənin məqsəd və vəzifələri haqqında ətraflı məlumat vermişdir. Tərtər rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Həsənov Müşviq, Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Şəhram Quliyev və digər qonaqlar da öz çıxışlarında layihənin gənclər arasında vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi və onların asudə vaxtlarının səmərəli təşkil edilməsi baxımından böyük önəmə malik olduğunu qeyd etmişlər.
Tədbir 8 komandanın iştirakı ilə milli mövzularda olan suallardan ibarət “Nə? Harada? Nə zaman?” formatında intellektual turnirlə davam etmişdir.Təşkilatın icraçı direktoru Mürsəl Behbudlunun aparıcılığı, koordinator və təşkilatçı Elxan Gəraylının rəhbərliyi ilə gərgin mübarizə şəraitində baş tutan turnirdə “28 May” və “Uğur” komandaları 8 rayon arasında Beyləqan rayonunda keçiriləcək final mərhələsinə vəsiqə qazanmışlar.
Layihənin əsas məqsədi region gəncləri arasında intellektual oyunların populyarlaşdırılması yolu ilə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə dəstək olmaqdan ibarətdir.