Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam Gənclik naminə Ağ Ölümə YOX deyək!” layihəsinin icrasına başlanılmışdır.
Layihə rəhbəri bildirib ki, Narkomaniya dünya ölkələrinin və cəmiyyətlərinin ən böyük problemlərindən biridir. İllərdir ki, bu problemlə müxtəlif vasitə və metodlarla mübarizə aparılır. Problemin mövcudluğu hələ də qalır və get-gedə yayılma miqyası böyüyür. Bu bəla Azərbaycan cəmiyyətindən də yan kecməyib. Hətta, son illər Azərbaycanda aparılan araşdırmalarda narkomaniyanın daha da genişləndiyi və gənclərin narkomaniya hədəfi olduğu görünməkdədir. Gənclərin aparıcı qüvvəsini isə tələbələr təşkil edir. Bu cür vəziyyətin davam etməsi Azərbaycan tələbələri üçün böyük təhlükədir. Tələbələr gəncliyimiz, gənclər gələcəyimizdir. Deməli, gələcəyimiz üçün də təhlükə mövcuddur.
Layihənin əsas məqsədi Azərbaycan gəncləri arasında narkomaniyanın yayılmasının qarşısını almaqdan ibarətdir. Bunun üçün isə tələbələr arasında narkomaniya əleyhinə maarifləndirmə tədbirlərinin ölkə miqyasında keçirilməsi, hər bir vətəndaşın informasiya ehtiyacını ödəyəcək, cəmiyyətimizi daim məlumatlandıracaq peşəkar saytın yaradılması və cəmiyyətin aparıcı qüvvəsi olan gənclərdə narkomaniyaya nifrət hissinin oyadılması məqsədlərinin reallaşdırılması nəzərdə tutulur.