15 dekabr 2015-ci il tarixində Gənclər üçün Təhsil Mərkəzi, “Kaspi“ Qəzeti və “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının birgə təşkilatçılığı ilə “Azərbaycan Gənclərinin Maarifçilik Forumu” keçirilib. Forumun əsas məqsədi gənclər arasında maarifçiliyinin təbliği, qiymətləndirilməsi, bu istiqamətdə görülməli işlərin müzakirəsi və perspektivlərin müəyyənləşdirilməsidir.
İki hissədən ibarət Forumun açılış hissəsində Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, “Kaspi“ Qəzetinin baş redaktoru İlham Quliyev və “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının rəhbəri Rövşən Nəcəfov Forumun əsas prioritet istiqamətləri olan Təhsil, Gənclik və Gələcək mövzularında məruzələr etdilər.
Forumun ikinci hissəsində dövlət rəsmiləri Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid çıxış edərək Forumun işinə uğurlar arzu etdilər.
Forumun sonunda Azərbaycan gənclərinin maarifləndirilməsi istiqamətində göstərdiyi fəaliyyətə görə fərdi şəxslər və qurumlar təşkilatçılar tərəfindən “Təhsil Açarı” mükafatına layiq görüldülər.
Qeyd edək ki, Azərbaycan Gənclərinin Maarifçilik Forumu sayca ikinci Forumdur. 2014-cü ildə keçirilmiş Forumun əsas prioritet istiqaməti Qarabağ mövzusu olub.